Mokvada azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub

Mokvada azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub
  28 Avqust 2018    Oxunub:46113
Rusiyanın paytaxtı Moskvada azərbaycanlıların, erməni və gürcülərin cəlb olunduğu kütləvi dava qeydə alınıb.
AzVision.az “Moskva” şəhər xəbərləri agentliyinə istinadən xəbər verir ki, davanın baş verdiyi əraziyə gələn polis 18 nəfəri həbs edib. Onlardan 8-i Azərbaycan vətəndaşı, 7-si Ermənistan, biri Gürcüstan, ikisi isə çeçendir. Həmçinin, hadisə yerindən çəkic, 13 ədəd travmatik tapança gilizi, 2 bıçaq və armatur parçası maddi sübut kimi götürülüb.

Dava nəticəsində ciddi bədən xəsarətləri alan 3 nəfər xəstəxanaya yerləşdiriliblər. Onlardan biri qarın nahiyyəsindən və əlindən yaralanıb, həmçinin qapalı kəllə-beyin travması alıb. İkincisi güllə və aşağı ətrafların kəsik yarası, digəri isə sınıqlar və qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

3 Cənubi Qafqaz ölkəsi vətəndaşlarının hansı səbəbdən dava etdikləri dəqiq məlum deyil. Lakin erməni mediasının məlumatına əsasən, bu gecə Moskvanın Bulatnikov küçəsində “VAZ” və “Mersedes” markalı avtomobilləri toqquşan qafqazlılar məsələni dava ilə “həll etməyə” çalışıblar. Qəza anından sonra hər iki maşının sürücüləri avtomobildən çıxaraq mübahisə etməyə başlayıblar. Onlardan biri özü ilə travmatik tapança, digəri isə avtomobilin yük yerindəki çəkici götürüb. Tərəflərin davasına avtomobillərdəki digər sərnişinlər və sürücülərdən birinin insidentə yaxın ərazidə işləyən dostu da qatılıb. Nəticədə böyüyən dava polisin müdaxiləsilə başa çatıb.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   Rusiya   Moskva   Dava  



Xəbər lenti