Putin etirazlara səbəb olan qanunu ilk dəfə şərh etdi

Putin etirazlara səbəb olan qanunu ilk dəfə şərh etdi
  29 Avqust 2018    Oxunub:2478
Rusiya prezidenti Vladimir Putin hökumətin təklif etdiyi, lakin əhalinin ciddi etirazına səbəb olan pensiya islahatları barədə - pensiya yaşının qaldırılması hesabına dövlət büdcəsinə qənaət edilməsini nəzərdə tutan qanun layihəsinə ilk dəfə münasibət bildirib və pensiya qanunvericiliyində dəyişikliklərlə bağlı öz təkliflərini verib.
AzVision.az xəbər verir ki, bu gün televiziya vasitəsilə Rusiya xalqına müraciət edən Putin qanun layihəsinin onun reytinqinə mənfi təsir etməsinə rəğmən, ölkədəki ciddi demoqrafik problemləri əsas gətirərək pensiya islahatlarının vacib olduğunu bildirib. Lakin bununla belə, əhalinin narazılığı nəzərə alınaraq qanun layihəsində müəyyən yumşalmalar edilməsinin zəruri olduğunu vurğulayıb.

Putinin sözlərinə görə, qadınlar üçün pensiyaya çıxmaq yaşı hökumətin təklif etdyi kimi 8 yox, 5 il qaldırılmalıdır. Yəni qadınlar qanun layihəsində deyildiyi formada 63 yaşında yox, 60 yaşında pensiyaya çıxmalıdırlar. Kişilər üçün isə bu yaş həddi 65 olmalıdır. Rusiya prezidenti həmçinin, vaxtından əvvəl pensiyaya çıxmaq hüququ verən iş stajının azaldılmasını təklif edib. Qadınlar üçün Putin bunun 37, kişilər üçünsə 42 yaş həddində müəyyənləşdirilməsini uyğun bilib.

Putin hesab edir ki, çoxuşaqlı ailələrdə əgər ananın 3 uşağı varsa 3 il, 4 uşağı varsa 4 il əvvəldən erkən pensiyaya çıxa bilərlər. 5 və daha çox uşağı olan qadınlarla bağlı isə qanunvericilikdə dəyişiklik edilməməlidir – onlar indiki kimi 50 yaşında pensiyaya çıxmalıdırlar.

Rusiya Prezidenti xalqa müraciətində onu da vəd edib ki, 2024-cü ilədək pensiyalar daha min rubl artırılaraq 20 min rubla çatdırılacaq.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar ölkəni iqtisadi çətinliklərlə üzləşdirdiyinə görə hökumət bir növ kəmər sıxma prosesinə keçid etmək istəyir. Lakin sosial müavinətlərə qənaət hesabına büdcənin doldurulması əhali arasında ciddi tənqidlə qarşılanıb. Sözügedən islahatlar illərdir hökumətin gündəliyində olsa da, indiyədək Putin bu məsələ ilə bağlı heç bir şərh vermək istəməyib. Ekspertlərə görə, demək olar ki, Putin hakimiyyəti hələ indiyədək bu qədər ciddi silkələnməyib. Sosioloji sorğuların nəticələri də məhz bu qanun layihəsinə görə son 4 ildə Putinin Rusiya vətəndaşları arasında reytinqinin aşağı düşdüyünü göstərib. Onun bugünkü çıxışından sonra pensiya islahatlarına dair qanun layihəsində dəyişiklik edilib-edilməyəcəyi isə bəlli deyil.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Rusiya   Putin   Pensiya  





Xəbər lenti