İranda daha bir nazir istefaya göndərilir

İranda daha bir nazir istefaya göndərilir
  29 Avqust 2018    Oxunub:2520
Bu gün İran parlamentinin 20 deputatı ölkənin təhsil naziri Məhəməd Bəthəyiyə qarşı impiçment prosesinə başlanılması tələbi ilə müraciət sənədinə imza atıb. Onlar naziri İran təhsil sistemində keyfiyyətli islahatlar apara bilməməkdə və ümumi orta təhsilin hamı üçün əlçatan olmamasında günahlandırıblar.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bununla da parlament ABŞ sanksiyaları nəticəsində iqtisadi-maliyyə çətinliklərilə üzləşən İranın prezidenti Həsən Ruhaniyə təzyiqləri artırıb. Çünki toplanan səslər Bəthəyini növbəti 10 gün ərzində parlament qarşısında hesabat vermək üçün məcbur etməyə kifayətdir. Nazirin suallara verdiyi cavablar deputatları qane etməsə, o da digər nazirlər kimi impiçment səsverməsi ilə istefaya göndəriləcək.

Qeyd edək ki, 3 gün bundan əvvəl deputatlar impiçment prosesi vasitəsilə milli valyutanın kəskin dəyərdən düşməsi və işsizliyin atmasında ittiham edilən iqtisadiyyat və maliyyə nazirini, bir həftə öncə isə əmək nazirini vəzifədən uzaqlaşdırıblar. Hazırda daha 70 deputat imza toplayaraq sənaye, şaxta və biznes nazirinə qarşı da impiçment irəli sürməyə hazırlaşırlar.

Ölkə qanunvericilərinin fikrincə, başda Ruhani olmaqla, İran hökuməti mövcud iqtisadi problemlərin aradan qaldırlıması istiqamətində səmərəli iş ortaya qoymurlar. İqtisadi böhranın yaratdığı ölkədaxili siyasi gərginlik o həddə çatıb ki, hətta Ruhaninin parlamentdə çoxluq təşkil edən tərəfdraları – reformistlər də artıq prezidentin hərəkətsizliyini tənqid etməyə başlayıblar. Hətta ötən gün parlament qarşısında ölkənin vəziyyətinə dair izahat verən Ruhaninin arqumentlərini deputatlar rədd ediblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   ABŞ   İmpiçment  





Xəbər lenti