Xameneyi Ruhaniyə ABŞ rəsmiləri ilə görüşməməyi tapşırdı

Xameneyi Ruhaniyə ABŞ rəsmiləri ilə görüşməməyi tapşırdı
  29 Avqust 2018    Oxunub:2588
İranın ali dini lideri Ayətulla Əli Xameneyi bu gün prezident Həsən Ruhani və onun Nazirlər Kabinetinin üzvləri ilə görüş keçirərək, ölkədəki iqtisadi problemləri yoluna qoymaq üçün hökumətə daha səylə, gündüz və gecə dayanmadan işləməyi tövsiyyə edib.
AzVision.az xəbər verir ki, bu barədə İranın ali dini liderinin rəsmi saytında məlumat yerləşdirilib.

“Biz iqtisadi sahədə güclü olmalıyıq. Problemləri həll etmək üçün hökumət rəsmiləri gündüz və gecə dayanmadan işləməlidirlər”, – deyə Xameneyi bildirib.

ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxmasından sonra sənədin gələcəyilə bağlı məsələyə toxunan Xameneyi bəyan edib ki, “Nüvə razılaşması məqsəd yox, vasitədir. Əgər görsək ki, bu saziş daha İranın maraqlarına cavab vermir, biz də razılaşmanı tərk edəcəyik”.

İranın ali dini lideri, həmçinin Tehrana nüvə sazişinin qorunub saxlanması yönündə Avropaya ümid bəsləməməyi məsləhət görüb. O, vurğulayıb ki, İran özünün nüvə proqramı üzrə yeni razılaşmanın əldə olunması üçün ABŞ-ın “ədəbsiz” rəsmilərilə heç bir səviyyədə danışıqlar aparmayacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Ruhani  





Xəbər lenti