Gürcüstanda irimiqyaslı NATO təlimlərinə start verilir

Gürcüstanda irimiqyaslı NATO təlimlərinə start verilir
  30 Avqust 2018    Oxunub:1883
Sentyabrın 1-dən 11-dək Gürcüstanda “Agile Spirit 2018” beynəlxalq çoxmillətli komanda-qərargah hərbi təlimləri keçiriləcək. ABŞ dəniz piyadaları korpusunun Avropadakı komandanlığı ilə birgə təşkil olunan “Agile Spirit 2018” təlimləri Gürcüstanın qərbindəki "Senaki" hərbi bazasının ərazisində keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi təlimlərdə Gürcüstandan və ABŞ-dan başqa, Türkiyə, Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Çexiya və Estoniyanın hərbi qulluqçuları iştirak edəcəklər. “Agile Spirit 2018” beynəlxalq təlimlərinin məqsədi NATO-nun çevik reaksiya qüvvələrilə birgə keçirilən əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsidir.

Qeyd edək ki, 2011-ci ildən etibarən hər il keçirilən “Agile Spirit” hərbi təlimləri Gürcüstanın ABŞ və NATO ilə əməkdaşlıq formatının elementlərindən biridir. Bu təlimlər çərçivəsində gürcü hərbçiləri beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq keçirlər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Gürcüstan   ABŞ   NATO  





Xəbər lenti