Moskva Qarabağ məsələsində Ermənistana güzəşt etməyəcək - Aleksandr Duqin

Moskva Qarabağ məsələsində Ermənistana güzəşt etməyəcək - Aleksandr Duqin
  30 Avqust 2018    Oxunub:3752
Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Moskva Dağlıq Qarabağ ətrafında işğal olunmuş 5 rayonu Azərbaycana verməkdə qəti qərarlıdır.
AzVision.az xəbər verir ki, bu fikirləri “Beynəlxalq Avrasiya Hərəkatının lideri, Rusiyanın tanınmış geosiyasi analitiki Aleksandr Duqin Ermənistanda baş verənlər, həmçinin Azərbaycan-Rusiya münasibətləri barədə "Moskva-Bakı" portalına müsahibəsində deyib.

O, bildirib ki, Dağlıq Qarabağ amilindən Ermənistanda hakimiyyətə gəlmək, yaxud mövcud hakimiyyətini qorumaq istəyən hər bir kəs istifadə etməyə çalışır. Onun fikrincə, on illərdir Ermənistandakı sosial-iqtisadi uğursuzluqlar məhz Qarabağ münaqişəsinin ayağına yazılır, bəhanə kimi İrəvan həmişə Qarabağ amilini göstərir.

Lakin Duqinin fikrincə, Qarabağ klanının üzvü olan Robert Koçaryanın siyasətə qayıtdığını bəyan etməsinə baxmayaraq, Moskva hazırda Ermənistanın daxili vəziyyətinə çox da qarışmır və hesab etmək olmaz ki, Ermənistan siyasi səhnəsində Rusiyanın hansısa sevimli namizədi var.

"Moskva üçün hər şeydən əvvəl elə bir siyasətçi maraqlı olacaq ki, o, Ermənistanın əvvəlki geosiyasi kursunun varisi kimi çıxış etsin. Bu zaman həmin siyasətçinin demokrat, yaxud millətçi olmasının Rusiya üçün heç bir önəmi yoxdur. Və hazırda nə qədər ki, vəziyyət kritik səviyyəyə çatmayıb Rusiya sadəcə prosesləri izləyir".

Duqin müsahibəsində bir məsələni xüsusilə vurğulayıb ki, vəziyyət nə olursa-olsun Moskva Qarabağ məsələsində İrəvana güzəşt etməyəcək.

“Ermənistanla Moskvanın münasibətlərində olduqca prinsipial məsələ var. Rusiya Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabaq ətrafında işğal etdiyi rayonlardan 5-ni Azərbaycana qaytarmaqla münaqişənin nizamlanmasının birinci mərhələsini reallaşdırmaqda qəti qərarlıdır. Bu istiqamətdə Serj Sarkisyanla ciddi irəliləyişlərə nail olunmuşdu. Bu gün regiondakı növbəti çətinliklərin bloklanması üçün bu, vacib şərtdir. Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, bu məsələdə Moskva güzəştsiz davranacaq. Ermənistan rəhbərliyinə kim gəlirsə-gəlsin, Dağlıq Qarabağ məsələsində o, əvvəlki rəhbərliklə və regionunun əsas güc mərkəzlərilə əldə olunmuş razılaşmalara əməl etməlidir. 5 rayonun Azərbaycana geri qaytarılmasına Qərb də qarşı çıxmır, yəni bu, hər kəsi qane edərdi”, – deyə Duqin vurğulayıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ separatçılarının danışıqlar masası arxasına əyləşməli olduğuna dair bəyanatını şərh edən Duqin, Paşinyanın sözlərini absurd adlandırıb.

“Qarabağın müstəqilliyini heç Ermənistanın özü də tanımayıb. Paşinyanın bu cür bəyanatlarına ciddi yanaşmaq lazım deyil. Hamı çox gözəl bilir ki, Qarabağ məhz Ermənistanın, xüsusən də Qərbdəki və Rusiyadakı erməni diasporasının hesabına ayaqda qala bilir. İrəvan özü Dağlıq Qarabağa güclə kömək edir, çünki Ermənistanın özündə vəziyyət ağlamalıdır. İstənilən halda, Qarabağ yox, Ermənistan subyektdir. Və Azərbaycanın işğal olunmuş ərazilərinin gələcək taleyi barədə danışıqlar yalnız Ermənistanla aparılmalıdır. Qarabağ – subyekt deyil. Fikrimcə, Paşinyan bu cür bəyanatla açıq şəkildə bildirir ki, Qarabağ məsələsini həll etməyə hazır deyil və konkret aydın proqramı yoxdur”, – deyə Duqin bildirib.

Duqin onu da vurğulayıb ki, Paşinyan Rusiya olmasa, onun da hakimiyyətdə ola bilməyəcəyini tezliklə dərk edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Rusiya  





Xəbər lenti