İdlibə hücum ediləcək - Nazir açıqladı

İdlibə hücum ediləcək - Nazir açıqladı
  30 Avqust 2018    Oxunub:2817
Suriyanın hökumət qüvvələri ölkənin şimal-qərb hissəsində silahlı müxalifətin ələ keçirdiyi İdlib bölgəsinə nəzarəti bərpa etmək üçün sonadək mübarizə aparacaq.
AzVision.az xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Valid Moallem rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən sonra verdiyi açıqlamada bildirib.

O, deyib ki, İdlib əməliyyatında Suriya ordusunun əsas hədəfi Əl-Nüsra qruplaşmasının silahlılarıdır.

Moallem Bəşər Əsəd hökumətinin kimyəvi silahdan istifadə edəcəyilə bağlı beynəlxalq arenada səslənən itihamlara da cavab verib. Vurğulayıb ki, rəsmi Dəməşq heç bir hücum əmliyyatında kimyəvi silah tətbiq etməyəcək, çünki bu cür silahlara malik deyil.



Suriyalı nazir əlavə edib ki, İdlib əməliyyatında Suriya hökumət ordusu sivillərin ölümündən yayınmaq üçün maksimum səy göstərəcək.

Qeyd edək ki, Bəşər Əsəd hökumətinə bağlı ordunun suriyalı müxalifətin son dayaq nöqtəsi olaraq bilinən, "Əl-Qaidə"nin qolu olan “Həyat Təhriri Şam” qruplaşmasının nəzarətində olan İdlibə hücumu zamanı Rusiya və İranın Dəməşqə dəstək verəcəyi bildirilir.

Ötən həftə Moskvaya səfərində rusiyalı həmkarı Sergey Lavrovla görüşən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə bəyan etmişdi ki, radikal qrupları neytrallaşdırmaq üçün İdlibə hücum etmək humanitar fəlakət olacaq, 3,5 milyon insan yenidən qaçqın düşəcək. Türkiyəli nazirin fikrincə, bu cür hücum planı Suriyada siyasi nizamlanmaya dair Astana danışıqlarının ruhuna ziddir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   Rusiya   İdlib  





Xəbər lenti