Koçaryan Paşinyana meydan oxudu: "Seçkilərdə iştirak edəcəyəm"

Koçaryan Paşinyana meydan oxudu: "Seçkilərdə iştirak edəcəyəm"
  31 Avqust 2018    Oxunub:2731
Ermənistanın ikinci prezidenti, 2008-ci ilin 1 mart hadisələrilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak edəcək.

AzVision.az xəbər verir ki, bu barədə Koçaryan “Sputnik Armeniya”ya açıqlamasında deyib.
“Əgər siyasətə qayıtdığımı bəyan etmişəmsə, onda təbii ki, müvafiq olaraq bu seçkilərdə iştirak edəcəyəm”, – deyə Koçaryan vurğulayıb.

O, seçkilərdə hansı formatda iştirak edəcəyini açıqlamayıb. Koçaryan elektoral bazasına gəldikdə isə bildirib ki, Ermənistanın hazırkı rəhbərliyinin – baş nazir Nikol Paşinyan hökumətinin yürütdüyü siyasətlə razılaşmayanlar, eyni zamanda, onun öz prezidentliyi dövründə ölkə üçün gördüyü işləri və qazanılan nailiyyətləri xatırlayanlar və ümumiyyətlə “alternativ baxış” sahibləri onun seçiciləri olacaq.

Sabiq prezidentin fikrincə, Ermənistan vətəndaşlarına populizm yox, illik 30-40 min iş yeri açmağa qadir, ölkəyə sərmayə cəlb edə bilən və ölkənin təhlükəsizliyi və sabitliyini təmin edə bilənlər lazımdır.

Koçaryan hesab edir ki, Paşinyan hökuməti əleyhinə ciddi müxalif mərkəzlərdən biri ola bilər. Lakin gələcək siyasi mübarizəsində ona hansı siyasi dairələrin dəstək verəcəyini deməkdə çətinlik çəkib. Koçaryan bununla belə, Respublikaçılar və “Çiçəklənən Ermənistan” partiyalarının onun mübarizəsinə qoşulacağını istisna etməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti