“Ərdoğan məni məyus etdi” - Tramp

  31 Avqust 2018    Oxunub : 1137
“Ərdoğan məni məyus etdi” - Tramp
ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın onu məyus etdiyini bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Tramp “Bloomberg”ə açıqlamasında Türkiyədə həbs olunan amerikalı rahib Endryu Branson ətrafında yaranan vəziyyəti şərh edərkən deyib.

“Ərdoğan məni məyus etdi. Amma biz proseslərin necə inkişaf edəcəyinə baxacağıq”, - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıqda ittiham olunur. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir. Lakin avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunu insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandıraraq onlara qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı onsuz da nahamar olan ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb.

Avqustun 10-da isə ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin tətbiqi barədə qərar verib. Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunacaq. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb. Ümumilikdə, bu il ərzində lirə dollara nisbətdə 40 faiz ucuzlaşıb.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: ABŞ   Türkiyə