Novruz Məmmədov: `Azərbaycan hücum taktikası yürütməlidir` - EKSKLÜZİV

  22 Oktyabr 2013    Oxunub : 481
Novruz Məmmədov: `Azərbaycan hücum taktikası yürütməlidir` - EKSKLÜZİV
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun AzVision.az saytına müsahibəsi:

- Azərbyacan xalqı növbəti 5 il üçün etimad göstərdiyi namizədə səs verdi. Ölkəmizin qarşıdakı 5 ildə xarici siyasət strategiyasının prioritetləri nələrdən ibarət olacaq?

- 9 oktyabr 2013-cü il Azərbaycanın müstəqil dövlətçilik tarixində ən vacib günlərdən biri oldu. Uğurlu 10 illik fəaliyyətdən sonra Azərbaycan vətəndaşları yenidən prezident İlham Əliyevə dəstəklərini nümayiş etdirdilər.

Adətən, Avropa ölkələrində bir neçə dəfə seçildikdən sonra prezidentlərin reytinqinin aşaği düşdüyünün şahidi oluruq. Lakin Azərbaycanda bunun əksi müşahidə olundu. Çünki Azərbaycan prezidenti bu illər ərzində cəmiyyətin bütün təbəqələrinin etimadını qazanıb. Azərbaycan böyük nailiyyətlər əldə edib. 20 il əvvəl Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu daxili və xarici siyasət strategiyası son 10 ildə prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda bütün sahələrdə inkişaf müşahidə olunmaqdadır.

Azərbaycan prezidenti andiçmə mərasimindəki çıxışı zamanı da son 10 ilin inkişaf tarixinə nəzər saldı. Əslində, dövlət başçısının bu çıxışı bir proqram nitqi idi. Və bu çıxış gələcək 5 ildə fəaliyyətimiz üçün bir kurs, proqram olacaq bizim üçün.

Qarşıya qoyulan vəzifələr açıqlandı. Azərbaycan qısa müddətdə dünya siyasətində mühüm yer tutub. Əslində, mühüm coğrafi məkanda yerləşməklə yanaşı, Azərbaycan milli maraqlara söykənən uğurlu xarici siyasəti nəticəsində təkcə regionda yox, dünyada mühüm söz sahibinə çevrilib. Azərbaycan çox mürəkkəb regionda yerləşir. Ona görə ölkəmizin inkişafi əksər hallarda qısqanclıqla qarşılanır. Yəni, bu gün Azərbaycanın uğur qazanması mürəkkəb geosiyasi rəqabət çərçivəsində gedir. Bu gün bütün Azərbaycan xalqı tam əmindir ki, prezident İlham Əliyev qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gələcək.

- Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində də bəyan etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli qarşıdakı illərdə Azərbaycan üçün prioritet olaraq qalacaq. Rəsmi Bakı bu istiqamətdə konkret olaraq hansı addımları atmağı qarşıya məqsəd qoyub?

- Cənab prezidentin konseptual çıxışında da vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin əsasını təşkil edir. Və bunun üçün biz daha güclü, daha qüdrətli olmalıyıq. Azərbaycan kiçik dövlət olsa da, gücü və nüfuzu ilə önəmli tərəfdaşa çevrilib. Və buna görə Azərbaycanın gücünün artması ədalətli qayda-qanun olmasına fayda verir.

Təəəssüf ki, bu gün bütün faktorlar Azərbaycanın tərəfində olsa da Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək mümkün olmayıb. Bunun başlıca səbəblərindən biri Qərbin açıq-aydın işğalçı Ermənistanın tərəfini saxlamasıdır. Əgər Qərb Azərbaycana qarşı ədalətli mövqedə olsaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətlə həllini tapardı. Azərbaycan prezidenti də qeyd etdi ki, biz daha qüdrətli, daha güclü olmalıyıq. Çünki belə olanda biz öz torpaqlarımızı daha tez geriyə qaytara bilərik. Qarşıdakı illərdə əsas səylərdən biri də bu münaqişənin həllini tapmasi məsələsidir. Və prezident bu istiqamətdə bütün məsələləri nəzərə alıb. Və Azərbaycan milli maraqlara söykənən xarici siyasət strategiyasını prezident İlham Əliyevin rəhbərliyilə bundan sonra da davam etdirəcək.

- Azərbaycanın qarşıdakı illərdə beynəlxalq münasibətlər sistemi ilə bağli hədəfləri nədir?

- Bu gün Azərbaycanın 82 ölkədə diplomatik nümayəndəliyi var. Onlardan 57-si səfirlikdir. Azərbaycanda isə 83 ölkənin nümayəndəliyi var. Bu, çox yüksək rəqəmdir. Bu, Azərbaycanin bütövlükdə dünya ölkələrilə əlaqələrinin dərinləşməsinə öz töhfəsini verir.

Azərbaycan Prezidenti bu istiqamətdə də çox mühüm vəzifələri qarşiya məqsəd qoyub.Bu gün dünyanin mötəbər təşkilatlari ilə əməkdaşliq edirik. Azərbaycan artıq 2-ci ildir ki, BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Həmçinin çoxsaylı iqtisadi və siyasi təşkilatların fəal üzvüdür. Qarşıdakı 5 ildə Azərbaycan bu yola davam edəcək. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan daha qüdrətli dövlət olmalıdır, cəsarətli hücum taktikasi ilə xarici və daxili siyasət kursu həyata keçirilməlidir.

Səbinə Həsənova

Teqlər: