Konqresdən qondarma prezidentə qarşı BƏYANAT

  23 Oktyabr 2013    Oxunub : 483
Konqresdən qondarma prezidentə qarşı BƏYANAT
Benilüks Azərbaycanlıları Konqresi bəyanat yayıb
AzVision.az-a daxil olan bəyanatda deyilir:

Benilüks Azərbaycanlıları Konqresi qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyanin Brüsseldə "Avropa Birliyi və Dağlıq Qarabağ arasındakı əməkdaşlıq" mövzusunda keçirilən görüşdə iştirakı ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir: “2013-cü il oktyabrın 15-də Brüsseldə baş tutan görüşün gündəliyinə salınmış "Soyqırım və beynəlxalq hüquq", " Avropa Birliyi və Dağlıq Qarabağ arasındakı əməkdaşlıq" mövzularının adlarından bəlli olur ki, işğalçı Ermənistan həm Türkiyəyə, həm də Azərbaycana qarşı tutduğu destruktiv və işğalçı mövqeyini davam etdirməkdə israrlıdır”.

Benilüks Azərbaycanlıları Konqresi bəyan edir ki, Avropa Birliyi qondarma Dağlıq Qarabağ Respublikasının qondarma prezidenti ilə görüşmək əvəzinə Ermənistana təzyiqlər göstərməli, BMT qətnamələrinə qeyd-şərtsiz əməl edərək işğala son qoymağa məcbur etməlidir.

Benilüks Azərbaycanlılar Konqresi bildirir ki, Avropa Parlamentinin üzvləri işğal nəticəsində öz ərazisindən qaçqın və məcburi köçkün düşmüş bir milyon azərbaycanlının pozulmuş hüquqlarının bərpası üçün fəaliyyətə keçməlidir.

Benilüks Azərbaycanlıları Konqresi 2013-cu il oktyabrın 15-də Avropa Parlamentində qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyanla görüşlər zamanı bəzi deputatların ermənipərəst çıxışlarını pisləyir və birmənalı şəkildə BMT-nin Beynəlxalq Ədalət Şurasının təmsilçisinin qərəzli çıxışına və anti-Azərbaycan mövqeyinə qətiyyətlə etiraz edir: “Görüşdə Bako Sahakyanın Xankəndi əməliyyatı ilə Drezdenin bombalanmasını müqayisə etməsi və ərazi bütövlüyü prinsipini yanlış şərh etməyə çalışması, Qarabağın Azərbaycana Stalin tərəfindən verilməsi bəyanatını səsləndirməsi ən azından tarixi saxtalaşdırmaq məqsədi daşıyır. Dağlıq Qarabağa sərnişin təyyarələrinin uçuşuna Azərbaycanın imkan verməməsinin beynəlxalq terror adlandırılması isə bütün sərhədləri aşmaq və ermənipərəst siyasət yürütməkdən başqa bir şey deyildir”.

Benilüks Azərbaycanlıları Konqresi bütün bunları nəzərə alaraq bildirir ki, bu cür qərəzli çıxışlar bizə BMT-nin Beynəlxalq Ədalət Şurasının bəzi üzvlərinin ermənipərəst mövqe tutduğunu, ikili standartlardan çıxış etdiyini və beynəlxalq ictimaiyyəti aldatmaqla məşğul olduğunu deməyə əsas verir.

Benilüks Azərbaycanlılar Konqresi qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti ilə Avropa Parlamentinin görüş keçirməsini şiddətlə qınayır, ermənipərəst millət vəkillərinin və siyasətçilərin anti-Azərbaycan mövqeyini pisləyir və onları haqq-ədalətin yanında olmağa çağırır.

BAK bəyan edir ki, bu səpkidə görüşlər və müzakirələr, düşünülmüş şəkildə səslənən fikirlər Azərbaycan Dövlətçiliyinə qarşı siyasi təxribat, təzyiq vasitəsi kimi qəbul olunur, sülh danışıqlarına mane olur və münaqişənin həllini dalana dirəyir.

“Bu qəbildən olan beynəlxalq görüşlər Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində keçirilməlidir” bəyanatda belə deyilir.

AzVision.az

Teqlər: