Füzuli Ələkbərov: “Prezidentin qərarına hörmətlə yanaşıram”
Ölkə başçısının İsmayıllıdakı məlum olaylardan sonra məmurlara bir neçə dəfə xəbərdarlıq etməsi seçkilərdən sonra hökumətin tərkibində dəyişiklik ediləcəyinə bir işarə idi. Mətbuatda da İsmayıllı hadisələrindən sonra əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun hökumətdən kənarlaşdırılacağı deyilirdi. Çünki onun qardaşı Nizami Ələkbərov İsmayıllı hadisələrindən sonra bu rayonun İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılmışdı.
Eks-nazir Füzuli Ələkbərov prezidentin dünənki sərəncamından sonra təəssüratlarını bölüşüb. Sabiq nazir prezidentin qərarına hörmətlə yanaşdığını bildirib.
“Suallara şərh verməyin mənası yoxdur. Qərar qəbul olunub. Prezidentin qərarına çox hörmətlə yanaşıram. Mən cənab prezidentə daim sədaqətli olmuşam, bundan sonra da bu siyasi kursa sadiq olacağam. Başqa heç nə deyə bilmərəm”.
Qeyd edək ki, oktyabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.(modern.az)