Prezidentin istefaya göndərdiyi nazirlər: Kim neçə il işlədi? - DOSYE
Maraqlıdır, ixtisara düşən nazirlər indiyədək harada çalışıblar? Onlar neçə il nazir kreslosunda əyləşə biliblər?
AzVision.az prezidentin çıxdaş etdiyi nazirlərlə bağlı kiçik araşdırma apararaq onların dosyesini oxuculara təqdim edir:
18 ildən sonra işdən çıxarılan nazir
Sabiq müdafiə naziri Səfər Əbiyev 1950-ci ilin 27 yanvarında Bakı şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M.Frunze adına Hərbi Akademiyanı bitirib. 1971-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabur komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində işləyib. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir. 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah Rəisi-Müdafiə Nazirinin birinci müavini, Müdafiə Naziri vəzifəsinin icraçısı, Müdafiə Nazirinin müavini vəzifələrində çalışıb.
S.Əbiyev 1995-ci ildən indiyədək Azərbaycan Respublikasının Müdafiə Naziri vəzifəsini icra edib.
Artur Rasizadənin yeni müavini
Dünənə qədər kənd təsərrüfatı naziri olan və bu gün Prezident İlham Əliyevin sərəncamıyla baş nazirin müavini təyin olunan İsmət Abbasov 1954-cü ildə İrəvanda şəhərində anadan olub.O, 1976-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1976-1980-cı illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis və şöbə rəisi, 1980-1989-cu illər Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, 1989-1990-cı illər Bakı biskvit fabrikinin iqtisadi məsələlər üzrə direktor müavini, 1990-1993-cü illər Bakı 1 saylı şərab zavodunun iqtisadi məsələlər üzrə direktor müavini,1993-1997-ci illər Bakı tütün kombinatında istehsalat üzrə direktor müavini, inzibati direktor, 1997-2004-cü illər Respublika Kənd Təsərrüfatı nazirinin 1-ci müavini işləyib, 23 oktyabr 2004-cü ildən isə Respublikanın Kənd Təsərrüfatı naziri olub.
İ.Abbasov prezidentin sərəncamı ilə dünən vəzifəsindən azad edilib.
Əvvəl qardaşı, indi özü işsiz qalan nazir
Füzuli Ələkbərov Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olub. Əmək fəaliyyətinə 15 avqust 1980-ci ildə Şəki rayonunun Qoxmuq kənd orta məktəbində müəllim kimi başlayıb. Sonralar Şəki şəhər komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1987-1991-ci illərdə «Sputnik» Beynəlxalq Gənclər Turizm Bürosunda sədr vəzifələrində çalışıb. 1992-2006-cı illərdə «İmproteks» Şirkətlər Qrupunun prezidenti olub.
2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü olub. 1996-cı ildən Azərbaycan Respublikası Cüdo Federasiyasının prezidentidir. Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2006-cı ildə Sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib.
Qeyd edək ki, bir neçə ay öncə İsmayıllı hadisələrinə görə Füzuli Ələkbərovun qardaşı, İsmayıllı rayonunun icra başçısı Nizami Ələkbərov öz vəzifəsindən kənarlaşdırılmışdı.
Vəzifsindən azad edilən nazir mətbuata açıqlamasında prezidentin sərəncamına hörmətlə yanaşdığını bildirib.
Sevinc İltifatqızı