Yeni nazirlər ciddi kadr dəyişiliyi edəcək - Politoloq

Yeni nazirlər ciddi kadr dəyişiliyi edəcək - Politoloq
  23 Oktyabr 2013    Oxunub:1116
“Ölkə başçısı nazirlərin yerini dəyişibsə, deməli yeni təyinat alanların qarşısında konkret hədəflər qoyulacaq”.
Bunu AzVision.az-a Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu yeni nazir təyinatlarını şərh edərkən bildirib.

Politoloqun fikrincə, yeni nazirlər müəyyən vaxtdan sonra ciddi kadr dəyişikliyi edəcəklər:

“Mən bildiyimə görə Mikayıl Cabbarov təhsil naziri təyin olunarkən onun qarşısında da müxtəlif tələblər qoyulmuşdu. Bu ondan ibarət idi ki, təhsil sahəsində ciddi irəliyəlişlər əldə olunsun və neqativ hallar ortadan qaldırılsın. Eyni zamanda düşünürəm ki, ən çox şikayətlər də elə Təhsil Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən olurdu. Yeni nazirlər qarşısında da yeni hədəflər və tələblər qoyulacaq ki, öz sahələrində irəliləyiş əldə etsinlər. Bunun üçünsə həmin nazirlər böyük ehtimalla kadr dəyişiklikləri edəcəklər. Məsələn, Mikayıl Cabbarov nazir təyin olunandan sonra köhnə kadrları dəyişdi. Özünün yeni kadrlardan ibarət bir komandasını formalaşdırdı. Bu da normal və obyektivdir. Düşünürəm ki, eyni kadr dəyişikliyi hər iki nazirlikdə də baş verə bilər. Ona görə k,i həm nöqsanlar ortadan qaldırılsın, həm də onların qarşısına qoyulan hədəfləri yerinə yetirə bilsinlər”.

E. Şahinoğlu həmçinin bu dəyişikliklərdən öz gözləntisini də bildirib.

“Azərbaycan səhiyyəsində çox böyük problemlər var. İndiki səhiyyə naziri mənim fikrimcə qarşısındakı hədəfləri yerinə yetirmir. Səhiyyəmiz çox bərbad haldadır. İnsanlar müalicə üçün qonşu ölkələrə gedir. Dərmanların qiyməti çox bahadır, çoxlu ölüm halları qeydə alınır. Əslində Səhiyyə Nazirliyində də çox ciddi dəyişikliklərə ehtiyac var. Səhiyyə nazirinin dəyişməməsi mənim üçün çox böyük surpriz oldu” – deyə politoloq qeyd edib.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti