Jurnalistlər nazirlərin işdən çıxarılmasına rəy bildirdi - SORĞU

Jurnalistlər nazirlərin işdən çıxarılmasına rəy bildirdi - SORĞU
  23 Oktyabr 2013    Oxunub:1063
Prezident İlham Əliyevin sərəncamı ilə 3 nazirin vəfizəsindən kənarlaşdırılması günün xəbərinə çevrildi. Hakimiyyətin yeni kadr dəyişikliyinə müxtəlif reaksiyalar verildi, fikirlər səsləndirildi.
Maraqlıdır nazirlərin, məmurların fəaliyyətini izləyən jurnalistlərimizin bu dəyişikliyə münasibəti necədir? Onlar bu haqda nə düşünürlər?

AzVision.az tanınmış jurnalistlərin fikrilərini öyrənib.

Gün.az saytının əməkdaşı Kamil Həmidov adı çəkilən nazirlərin istefaya göndəriləcəyinin gözlənilən olduğunu deyib.

“Məlum İsmayıllı hadisələrindən, eyni zamanda, ABŞ səfiri ilə yaşanan seçki qalmaqalından sonra istər cənab Ələkbərovun, istərsə də cənab Əbiyevin vəzifədən kənarlaşdırılacaqları bir növ gözlənilən idi. Hesab edirəm ki, onların işlərindən getmələri həm də lazımlıydı. Çünki bu iki şəxsin nazir olduğu dövrdə işlədikləri sahələrdə neqativ hallar həddindən artıq çox idi və insanları təngə gətirmişdi. Xüsusilə, orduda baş verən ölüm, intihar halları insanların səbr kasasını daşırmışdı. Ona görə çox yaxşı olardı və arzu edərdim ki, onların yerinə təyin olunan şəxslər rəhbərlik etdikləri sahələrdə baş verən neqativ, insanları haqlı olaraq narazı halların aradan qaldırılması, xüsusilə, orduya olan inamın artırılması üçün əllərindən gələni əsirgəməsinlər. Yəni, quru vədlərlə deyil, əməli, konkret və müsbət addımlarla özlərini sübut etsinlər.

Bununla belə, hesab edirəm ki, yeni baş nazir nisbətən cavan və daha qətiyyətli, bacarıqlı şəxs olmalı idi. Mənim şəxsi fikrimə görə, baş nazir vəzifəsinə Samir Şərifov, Kəmaləddin Heydərov və yaxud da, sabiq birinci vitse-pemyer Vahid Əhmədov təyin olunsaydı, daha effektli olardı.

Eyni zamanda, Əli Əhmədovun təyinatını müsbət hesab edir və ona yeni işində uğurlar arzulayıram. Son olaraq arzu edirəm ki, Nazirlər Kabineti xalqın, sıravi insanların gözləntilərinə tam cavab verən bir hökumət və komanda olsun”.

Jurnalist Anar Rüstəmov prezidentin sərəncamını yüksək qiymətləndirib. Onun sözlərinə görə, hakimiyyətdə kadr dəyişikliyinin edilməsi çoxdan gözlənilən idi:

“Səfər Əbiyevin istefaya göndərilməsinə sevindim. Artıq Azərbaycan Ordusunu daha təcrübəli, perspektiv vəd edən nazirə tapşırmaq lazım idi. Bu baxımdan Prezidentin seçimi təqdirəlayiqdir. Füzuli Ələkbərovun da gedişi hələ aylar öncədən gözlənilirdi. İsmət Abbasovun fəaliyyətindən o qədər də narazı deyildim. Hər halda pis-yaxşı işləyirdi. Onun jurnalistlərə qarşı münasibəti heç də pis deyildi. Hər halda hesab edirəm ki, bu dəyişikliklər hər birimiz üçün uğurlu olacaq”

Qafqazinfo saytının baş redaktoru Elnur Məmmədli də ixtisarları müsbət qiymətləndirib:

“Müəyyən dəyişiklik olmalı idi və bu dəfə də belə forma seçildi. Faktiki olaraq iki nazir vəzifəsini itirdi. Onların da hər ikisinin adlarının qarşısında kifayət qədər minus yazılmışdı. Düşünürəm ki, Səfər Əbiyevin yerinə seçim cox uğurludur. Baş nazirin dəyişməsini, ən azından Fərhad Əliyev kimi aktiv, modern dünyagörüşlü birinin - belə mütəxəssis coxdur, - bu vəzifəyə gətirilməsini istərdim”.

BayMedia İnformasiya Agentliyinin redaktoru Bəxtiyar Məmmədli: “Əlbəttə gözlənilən idi, çünki artıq islahatların zamanı çatmışdı və bunu hökumət nümayəndələri özləri də bəyan edirdi. Amma bu dəyişikliklər içərisində sürpriz adlar oldu və bu insanların içərisində perspektivli olanları da oldu, olmayanları da. Bütövlükdə isə gənc kadrlara yer verilməsini istərdim və bunu gözləyirəm”

Mediaforum saytının əməkdaşı İmdad Əlizadənin də nazirlərin dəyişdirilməsini haqlı hesab edir:

“Bu təyinatlar elə məsələdir ki, son dəqiqəyə qədər bəlkə də təyin olunan və işdən çıxarılanların özləri də bilmirlər. Amma seçkidən sonra müəyyən dəyişikliklərin olacağı gözlənilən idi. Səfər Əbiyev və Füzuli Ələkbərovun rəhbərlik etdikləri sahələr son illərdə ən çox narazılıq yaradan və problemlər yaşanan sahələrdir. Əsgər ölümləri, orduda korrupsiya, ünvanlı sosial yardılmarın mənimsənilməsi, yardımların yarısının məmurların götürməsi, insanların süründürməciliyə salınması halları geniş yayılmışdı. Ona görə də həmin nazirlərin işdən azad olunması gözlənilən idi.

Həftə.az-ın baş redaktoru Səbinə Əvəzqızı dəyişikliklərə sevindiyini deyib.

“Bu dəyişikliklərə sevindim. Hesab edirəm ki, Zakir Həsənov uğurlu təyinatdır. Füzulu Ələkbərovun gedəcəyini İsmayıllı hadisələrindən sonra gözləyirdim. Bu təyinat da ismayıllıların ürəyincə olacaq. Səfər Əbiyevin gedəcəyini orduda intihar hadisələri artanda proqnoz etmək olardı. Hesab edirdim baş nazir də vəzifəsindən azad olunacaq. Güc strukturlarının dəyişəcəyini gözləmək sadəlövhlük olardı. Həmçinin fikirləşirdim ki, vergidə dəyişiklik ola bilər.

Aznews.az saytının əməkdaşı Bahar Rüstəmli da Füzuli Ələkbərovun gedişinin İsmayıllı hadisələri ilə bağlı olduğunu qeyd edib:

“İsmayıllı hadisələri Füzuli Ələkbərovun qələmini qırmışdı. Sadəcə həmin vaxtı onu çıxara bilməzdilər, Çünkü o zaman bütün nazirlər təlaş keçirəcəydilər. Səfər Əbiyevin azad olunacağını gözləmirdim. İsmət Abbasovun tutduğu postdan gedəcəyini və Əbülfəz Qarayevin baş nazir postuna gələcəyini gözləyirdim. Ramil Usubovun və Ziya Məmmədovun da vəzifələrindən gedəcəklərini fikirləşirdim”.

Simsar.az saytının redaktoru Elmar Huseynov: “Səfər Əbiyevin və Füzuli Ələkbərovun vəzifədən getməsi gözlənilən idi. Lakin Əli Əhmədovun və İsmət Abbasovun baş nazirin birinci müavini təyin olunması sürpriz oldu. Digər tərəfdən hələ siyahıda 7 nəfərin adı öz təsdiqini tapmayıb. Bunlardan Məleykə Abbaszadənin getməsi arzulanan deyil”.

“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan: “Mikayıl Cabbarovun timsalında bir daha sübut olundu ki, hətta gənc, Qərb təhsili almış, korrupsiyaya bulaşmamaış kadrlar yüksək vəzifələrə irəli çəkilsələr də sistem onların yaxşı mənada fərqlənməsinə imkan vermir. Ona görə də hansısa nazirin işdən çıxarılması, yaxud başqasının onun yerinə təyin olunması heç nəyi dəyişdirmir”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti