Türkiyədə Beynəlxalq Koroğlu festivalı

Türkiyədə Beynəlxalq Koroğlu festivalı
  24 Oktyabr 2013    Oxunub:1334
Türkiyənin Bolu şəhərində beynəlxalq Koroğlu festivalı keçiriləcək.
AzVision.az xəbər verir ki, Oktyabrın 27-29-da Türkiyənin Bolu şəhərində beynəlxalq Koroğlu festivalı keçiriləcəkdir. Festival çərçivəsində türk dünyasının bu məşhur xalq qəhrəmanı ilə bağlı rəngarəng tədbirlər təşkil olunacaq.

Bolu bələdiyyəsindən bildiriblər ki, festival şəhər mərkəzində Koroğlu abidəsinin önündə məşəlin alovlandırılması və atçılıq idman klubunun çıxışları ilə başlanacaq. Daha sonra meydandan Koroğlu dastanının qəhrəmanları gəlib keçəcək, Koroğlu filmləri nümayiş olunacaq.
Festival çərçivəsində Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Yakutiya, Uyğur milli rəqs qrupları öz ifalarını təqdim edəcək. Həmçinin Koroğlu dastanı mövzusunda mühazirələr oxunacaq, söhbətlər aparılacaq.

Festivalın proqramına Koroğlu bulağının açılışı, Koroğlu heykəlinin və parkının təməlqoyma mərasimi də daxildir.

Festival günlərində Bolu şəhərinə əsl bayram ruhu hakim kəsiləcək. Şəhərin mərkəzi prospekt və meydanlarında uşaq teatrının çıxışı, uşaq heykəl və rəqs müsabiqəsi, müxtəlif sərgilər, türk dünyasının musiqi və rəqs qruplarının konsertləri, aşıq deyişmələri təşkil olunacaq, çeşidli musiqi səslənəcək.

Tədbirlər əsasən açıq havada – Bolu bələdiyyə meydanında, İzzət Baysal prospektində, Atatürk parkında, həmçinin Necip Fazil mədəniyyət mərkəzində keçiriləcək.

Türk dünyasının mənəvi-mədəni birliyini təcəssüm etdirəcək beynəlxalq festivalın təşkilatçısı Bolu şəhər bələdiyyəsidir.


Teqlər:





Xəbər lenti