“...Bu, üsyandır! Bu, çevrilişdir!” – 6 MART HADİSƏLƏRİ

  06 Mart 2013    Oxunub : 1576
“...Bu, üsyandır! Bu, çevrilişdir!” – 6 MART HADİSƏLƏRİ
Əvvəli burada

Saat 22.47: Yaqub Məmmədov: Əsgərlər tamam götürülür. Amma deyilənlərə görə, mitinqçilərin də arasında silahlı adamlar var. “Demblok” çıxıb onlara desin, çıxıb getsinlər. Burada bircə güllə atılsa, mən həmin andan istefaya gedəcəyəm.

Saat 23.00: İclas davam edir. “Demblok” qətiyyətlə prezidentin istefasını tələb edir. Çünki Konstitusiyanı pozub, qanunların icrasını və xalqın təhlükəsizliyini təmin etməyib (Xocalı faciəsi nəzərdə tutulur-M.H.).
Bəhram Zahidov: Sessiya Xocalı hadisələrinə siyasi qiymət verməlidir. 366-ci alaya qarşı (?) cinayət işi qaldırılmalıdır.
...Biz xalqı ruhlandırmalıyıq.
Rəşid Məmmədov: ...Yoldaşlar! Bütün Azərbaycan xalqını Qarabağı müdafiəyə çağırıram.
Məzahir Rəfiyev: ...Yoldaşlar! Biz qeyrətli xalqıq. Biz ürəyiaçıq xalqıq. Başımıza bəlalar da bu ürəyiaçıqlığımızdan gəlir. Biz bunu bilməliyik. ...Tərtərə atılan “Alazan”ın birincisi mənim öz evimə düşüb. Nə olar? Müharibədir.
Səyyaf Verdiyev: ...Ağdamda parçalanma yoxdur. Kim bunu deyirsə, riyakarlıqla məşğuldur.
...Biz Qarabağ torpağını qaytarmaq istəyiriksə, vaxt qazanmalıyıq.
Məmməd Quliyev: Bu ağır vaxtda biz birləşməsək düşməni daha da şirnikləndirərik və s. və i. a.

Saat 00.30: Prezidentə söz verilir. O, hirslidir.
...Məni təkləmək fikrindəsiniz? Bu nə səhnəcikdir? Məni bu cəmiyyət təkləyib iki ildir: Bir tərəfdən müxalifət, bir tərəfdən mafiya, klanlar... Milləti qırğına vermək olmaz. Mənim əlimdə səlahiyyət var, hamınızı məsuliyyətə cəlb edərəm (Zalda səs-küy).
...Qarabağ problemini mən düzəltmişəm? Mən çıxartmışam?
...Tutalım, mən getdim, mənim yerimə alayı bir adam gəldi. Neyləyəcəksiniz? Barışığa da gedəcəksiniz, güzəştə də...

Saat 01.20: Mitinqçilər binanın pəncərələrinin şüşəsini sındırırlar. İçəri keçənlər də var. Sessiya işini dayandırır. Prezident iclas zalını tərk edir.

Saat 01.46: Binaya təcili yardım həkimləri gəlir. Bayaq şüşə sınarkən ayağı kəsilmiş cavan oğlanı aparırlar.

Saat 02.30: Vəziyyətdən çıxış yolu tapmaq üçün yuxarıda məşvərət gedir. Deputatlardan bəziləri başını stola qoyub yatırlar. Hətta, üzr istəyirik, arabir xorultu səsi də eşidilir. Mitinqçilər isə pəncərələri döyürlər: “İstefa! İstefa!”

Saat 03.36: Məşvərət qurtarır. Nəticə yoxdur. Deyilənə görə, prezident 3 ay möhlət istəyir.

Saat 04.20: Söhbət gəzir ki, mitinqçilər saat 5-də binaya soxulacaqlar.
Yaqub Məmmədov deputatalara: Prezident gələcək. Dözün görək nə olur? Qamsaxurdia neçə gün qalmışdı mühasirədə?
Yerdən səs: Yaqub müəllim, zarafat vaxtı deyil...
Yaqub Məmmədov: Bayaqdan kompromis variantlar axtarırıq ki, camaat dağılsın. Hələ elə bir yol tapa bilməmişik.

Saat 04.41: Neman Qaçayev: Yaqub müəllim, avtobus təşkil edin, hamımız Qarabağa gedək. Qarabağa getməyən kişi deyil!

Saat 04.45: Adını deməyən deputat: Çöldəkilər bizi söyürlər, təhqir edirlər. Bir halda ki, bu hökumət öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilmir, bu parlament buraxılsın.
Başqa biri: Yoldaş sədr, bizim təhlükəsizliyimizi təmin edin.

Saat 04.49: Adını deməyən deputat mikrofondan: Biz bu mühasirədən çıxa bilmiriksə, bu xalqa nə yol göstərəcəyik? Alınmır də...Prezident gəlsin. Sözünü desin...
Başqa biri: Daxili işlər, milli təhlükəsizlik nazirləri, respublika prokuroru niyə tədbir görmür ki, biz çıxıb gedək?

Saat 05.20: Hamı zalda əyləşib. Rəyasət Heyəti də yerindədir. Bircə prezident yoxdur. Heç kim danışmır. Küçədə isə şüşələri döyürlər: “İstefa! İstefa!”

Saat 06.30: Rəhim Qazıyev: Gəlin hamımız mandatlarımızı qoyub gedək.
Hamı ayağa durub foyeyə çıxır, paltarlarını geyib çıxmağa hazırlaşanda prezident zala gəlir və tribunaya qalxır:
...Mən bayaq dedim. 3 ay möhlət verin. Qarabağ böhranından çıxacağıq. Koalisyon hökumət də olacaq, kadr siyasəti də.
...Bu, üsyandır! Bu, çevrilişdir! QKÇP-dir! Nə istəyirsiniz, adlandırın.
...İndi ki, gecəni qalmışıq, qərar çıxarmalıyıq. Mən bura qoşun gətirə bilmərəm. Mən qarşıdurmaya yol verə bilmərəm.

Saat 06.40: Tofiq Qasımov: Biz prezidentin çıxarılması barədə layihə təqdim etmişik. Səsə qoyun. Biz bu prezidentlə böhranın həlli yolunu görmürük. Əgər siz görürsünüzsə, biz gedək, qalın işləyin...

Saat 06.42: Yenidən məlumat verilir ki, binanı əsgərlər mühasirəyə alıb. Bunu eşidən Yaqub Məmmədov “mən belə şəraitdə işləyə bilmərəm”,- deyi, istefa verir.

Saat 06.43: Adil Hacıyev: Biz bura “demblok”un qərarını müzakirə etməyə yığışmamışıq. Qarabağ probleminin həllinə yığışmışıq.
...Bu, dövlət çevrilişidir! 7 milyonluq xalq seçən prezidenti kimdir çıxarmaq istəyən? Hansı qanunla?

Saat 06.46: Tofiq Qasımov prezidentin çıxarılması barədə Konstitusiyanın müvafiq maddələrini oxuyur.

Saat 06.50: Sabir Rüstəmxanlı: İki ildə həyata keçməyən qərar və qanunların 3 aya həyata keçəcəyinə inanmıram. Bu prezidentin hakimiyyəti dövründə qanunsuzluqlar, iqtisadi çətinliklər baş alıb gedir. Bunu bağışlamaq olar. Amma Qarabağ namus məsələsidir. Prezidentin dünənki çıxışı nicat yolunu göstərmədi.
...Camaatın ürəyində bu hakimiyyətə inam qalmayıb.

Saat 06.55: General Şahin Musayev (müdafiə nazirinin müavini):
...Burda oyun gedir. Yoldaş prezident, xahiş edirəm məni vəzifədən azad edin (Zalı tərk edir).

Saat 06.57: Əşrəf Məmmədov: Hər bir siyasətçi vəzifəyə vaxtında gəldiyi kimi vaxtında getməyi də bacarmalıdır. Mən siyasətçi deyəndə təkcə Ayaz Mütəllibovu nəzərdə tutmuram. Tarix bizə belə bir fürsət verib. Hələ xalq toqquşmayıb. Hələ qan tökülməyib.
...Deputat seçiləndə hamımız söz vermişdik ki, Qarabağı qoruyacağıq, Vətənə səadaqətlə qulluq edəcəyik. Indi görürəm ki, biz bu andımıza sadiq qalmamışıq.
...Mən özümdə qətiyyət tapıb deputat səlahiyyətimi yerə qoyuram (Mandatını Ziyad Səmədzadəyə verir).

Saat 07.00: Etibar Məmmədov: İndi prezidentin tapşırığı ilə 4-cü ordunun qoşunları bu binaya yaxınlaşır. Mən belə şəraitdə işləyə bilmərəm. Mandatımı təhvil verirəm (Rəyasət Heyətinə verir).

Saat 07.20: Tofiq Qasımov: əgər prezident istefaya getmirsə, biz – Milli Şura və “demblok” istefaya gedirik. Biz Qarabağın verilməsində iştirak etmək istəmirik.

Saat 07.30: Bir neçə deputat Yaqub Məmmədovdan öz yerini tutmasını xahiş edir.

Saat 07.33: Mətləb Mütəllimov: Çox sağ olun, Yaqub müəllim. Siz kişi kimi hərəkət etdiniz. Sizə hörmətim bir daha artdı. Bəzi deputatlar az qala Qorbaçova da müraciət etmək istəyirdi ki, qoşun çağırılsın. Guya onların ləyaqəti təhqir olunur. Bəs Xocalıda qırılanlar, təhqir olunanlar?

Saat 07.45: Tahir Kərimli: Yaqub müəllim, çox sağ olun ki, siz qan tökülməsinin qarşısını ala bildiniz. Sizin kimi demokrat adamın sədr olması vacibdir.

Saat 07.47: Yenə də fasilə elan olunur...

Saat 08.05: Ali Sovetin binasında bufetlər açılır. Amma yeməyə heç nə yoxdur. Ərzağı çöldən buraxmırlar.

Saat 08.30: Görünür, müxalifətin bəzi üzvlərinin vaxtilə həbsdə olması öz təsirini göstərir: onlar yuxusuzluğa və aclığa qətiyyətlə dözür. Fikirlərindən dönmürlər. “Komblok” (söhbət kommunist çoxluqdan gedir –M.H.) isə...mühasirədən çıxmaq barədə fikirləşir...

Saat 08.40: Bizimlə dünəndən mühasirədə olan Röyter agentliyinin müxbiri Brayn Killen foyedə deyir: “Bu sessiya jurnalistlər üçün cənnətdir. Bu bir sutkada nə qədər material ötürmüşəm...”

Saat 11.40: Bufetə yumurta, sosika və kotlet verilir. Ancaq çörək yoxdur. Deputatlar əlacsız qalıb çörəksiz nahar edirlər.

Saat 12.10: Bütün sessiyalardan fərqli olaraq bu dəfə Ali Sovetdə, demək olar ki, hamı bərabərdir: Cibində ən azı 5 min manat olan nazir də, sıravi kolxozçu da, biz jurnalistlər də. Hamı yumurtanı çörəksiz yeyir.
Hamı eyni siqaret – “Azərbaycan” siqareti çəkir. Dünən gecə boşalmış axırıncı “Vinston” qutusunu zibil yeşiyinə atan keçmiş raykom katibi də, “Ülfət” qəzetindən olan həmkarım da. “Azərbaycan” adlı siqaretə məhəbbət isə Azərbaycanın müstəqilliyinə sədaqətlə bağlı deyil. Sadəcə olaraq Ali Sovetin bufetində olan budur...

Saat 12.35: Redaksiyamızın qızları çox çətinliklə pəncərədən bizə yarım çörək ötürürlər. Bufetdə “hətta sizin çörəyiniz də var” deyə bizə təəccüblənənlər də olur. Həmin çörəyi ətrafımızdakı səkkiz nəfərlə bölüşdürməkdən başqa əlacımız qalmır.

Saat 12.55: Deyilənə görə, yuxarı mərtəbədə yenə də məşvərət gedir. Müxalifət dediyindən dönmür, prezident və onun komandası kompromis variant axtarır.

Saat 14.06: Müxalifətin nümayəndələri zala qayıdır. Bildirirlər ki, prezident istefa verməyə razı olub.
Yaqub müəllimdən yenə də öz yerini tutmasını xahiş edirlər.

Saat 14.22: Rəhbərlik də zala gəlir. Ziyad Səmədzadə hətta Rəyasət Heyətində siqaretlə əyləşir. Deməli, vəziyyət mürəkkəbdir...
Yaqub Məmmədov qısaca çıxış edib istefa barədə qəraını dəyişdiyini bildirir, Rəyasət Heyətinə keçir. Yenə uzun çəkən sükut...

Saat 14.50: Yaqub Məmmədov bildirir ki, darıxmayın, indi prezident gələcək.

Saat 15.20: Prezident gəlmir. Yenidən fasilə elan olunur.
Deyilənə görə prezidentin səhhətində problem yaranıb. Meydan isə uğuldayır: “İstefa! İstefa!”

Saat 15.40: Foyedə Bəxtiyar Vahabzadəyə yaxınlaşırıq. O, deyir: Prezident istefaya getməyə razılıq verib. Amma səhhəti yaxşı deyil. Yanında həkimlər var, deyirlər təzyiqi 240-a qalxıb. Xahiş etdi ki, vaxt verək, özünə gəlsin. İstefa verəcək. Daha başqa yol yoxdur.

Saat 18.00: Ayaz Mütəllibov zala gəlir və istefa verdiyini bildirəndən sonra deyir: ...Obyektiv və subyektiv səbəblərə görə ətrafdakıları uzaqlaşdıra bilməmişəm, fəqət, mən çalışmışam ki, əlimdən gələni edim.
...Heç vaxt mən şöhrətpərəst, vəzifəpərəst olmamışam.
Bu xəbəri eşidən mitinq iştirakçıları sevinir. Meydan uğuldayır... və adamlar dağılışmağa başlayır...

Müsəllim Həsənov
AzVision.az üçün

Teqlər: