Azərbaycana qarşı yeni təhlükə: Rusiya Bakıya təzyiq edir

Azərbaycana qarşı yeni təhlükə: Rusiya Bakıya təzyiq edir
  25 Oktyabr 2013    Oxunub:1102
Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclası başa çatıb. İclasın yekunu olaraq Rusiya, Belarus və Qazaxıstan liderləri sənədlər paketi imzalayıb. Paketə Avrasiya inteqrasiya prosesində Ermənistanın iştirakını təsdiqləyən sənəd də daxil edilib.
Bununla da Ermənistanın Gömrük İttifaqına qoşulması rəsmən təsdiqlənib. Ermənistanın ittifaqa qoşulması Cənubu Qafqazda Rusiyanın üstünlüyü ələ alması ilə nəticələndi.

Bəs Ermənistanın bu addımının Azərbaycana təsiri olacaqmı? Rəsmi Moskva Azərbaycana qarşı münasibətdə hansı taktikanı seçəcək?

AzVision.az bununla bağlı politoloq Qabil Hüseynliyə müraciət edib.

Q.Hüseynlinin sözlərinə görə, Ermənistanın Rusiya ilə bağlı bloklara, təşkilatlara qoşulması Azərbaycan üçün hər dəfə pis bir nəticə yaradır. Yəni, Rusiyanın Cənubi Qafqazda iştirak səviyyəsi artır.

“Ermənistanın Gömrük İttifaqına daxil olması ilə Rusiyanın bu bölgədə proseslərə müdaxilə imkanları artır. Bu da Azərbaycan üçün problemlərə səbəb olur. Məsələn, Ermənistanın Kollektiv Təhlükəsizlik Şurasına üzv olması Azərbaycan üçün çox təhlükəli tendensiya yaradır. İndi Rusiya Ermənistanda raketdən müdafiə sistemlərini qurmağa başlayıb ki, bu da bizə təhlükə yaradıb. Gömrük İttifaqı da bu qəbildən olan hadisədir. Məsələn, Rusiya sabah Ermənistanın bu ittifaqa girməsini əsas gətirərək Azərbaycandan da eyni addımları atmasını ya tələb edəcək, ya da ki eyhamla ondan istəyəcək. Digər tərəfdən isə Gömrük İttifaqı vasitəsi ilə Rusiya bölgədəki iqtisadi proseslərə müdaxilə etməyə başlayacaq. Və həmin prosesləri öz xeyrinə yönəltməyə çalışacaq. Bu bədnam ölkənin bu quruma daxil olması bölgə üçün çox zərərli bir hadisədir”- deyə politoloq bildirib.

Q.Hüseynlinin fikrincə, bundan sonra Rusiya çalışacaq ki, Azərbaycanı və Gürcüstanı da Gömrük İttifaqına qoşulmaq üçün dilə tutsun.
“Bunun üçün təhdid, açıq və ya diplomatik təzyiq kimi variantlardan istifadə edəcək. Məsələn, Putin Azərbaycana gələndə özü ilə böyük hərbi gəmiləri gətirməsi əslində əzələ nümayişi idi. Sonra şimal bölgəsində müəyyən məsələləri qıcıqlandırmaqla Azərbaycan üçün problemlər yaradır. Və ya Dağıstan ərazisində sərhəd keçid məntəqələrində artıq azərbaycanlıların Rusiyaya keçidi xeyli məhdudlaşdırlıb. Orxan Zeynalov hadisələri isə azərbaycanlılara qarşı olan münasibətin bariz nümunəsi idi. Həm də Azərbaycana bir növ həm də təzyiq xarakteri daşıyırdı. Belə təzyiqlərin biz çox şahidi olacayıq. Rusiya çalışacaq ki, Azərbyacanı özünə tərəf çəkə bilsin”.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti