Korrupsiyaya qarşı tədbirlər planı təsdiq edilib

Korrupsiyaya qarşı tədbirlər planı təsdiq edilib
  25 Oktyabr 2013    Oxunub:1174
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il sentyabrın 30-da Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasının açılış mərasimində kollektiv qarşısında çıxışı zamanı verdiyi tapşırıq və tövsiyələrdən irəli gələn məsələlərin icrası ilə əlaqədar Baş prokuror Zakir Qaralovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində geniş əməliyyat müşavirəsi keçirilib.

Tədbiri giriş nitqi ilə açan Baş prokuror demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında xüsusi əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Prezidenti seçkilərinin demokratik, şəffaf, ədalətli və beynəlxalq standartlara uyğun şəraitdə keçirilməsi və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə cənab İlham Əliyevi Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından bir daha səmimi-qəlbdən təbrik etdi.

Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olmasını vurğulayan Baş prokuror bu sahədə həyata keçirilmiş institusional və cinayət təqibi tədbirlərinin müsbət nəticələrini bildirməklə mübarizənin kəsərinin daha da artırılmasının vacibliyini xüsusi qeyd etdi.

O, ölkə başçısı cənab İlham Əliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasının açılış mərasimində verdiyi tapşırıq və tövsiyələrə, habelə oktyabrın 9-da prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciəti və andiçmə mərasimi zamanı korrupsiyaya qarşı mübarizənin ümumxalq işi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli nitqindən irəli gələn vəzifələrin vacibliyini qeyd etməklə bu sahədə prokurorluq, o cümlədən ixtisaslaşmış orqan olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin qarşısında prioritet istiqamətlərin müəyyən olunmasının zəruriliyini qeyd etdi.
Müşavirədə məruzə ilə çıxış edən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev ilk növbədə ölkə başçısı cənab İlham Əliyevə idarənin müasir texniki avadanlıqlarla təchiz edilmiş yeni inzibati bina ilə təmin olunmasına və korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərə verdiyi qiymətə görə kollektivin adından təşəkkürünü bildirərək, qurumun əməkdaşları üçün böyük məsuliyyət və fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün stimul yarandığını qeyd edib.

Müşavirədə antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində müvafiq səlahiyyətli qurumlara təkliflərin hazırlanaraq təqdim olunması, bu sahədə mövcud qanunların daha da səmərəli tətbiq edilməsi, əməliyyat tədbirlərinin intensivləşdirilməsi, cinayət işləri üzrə ibtidai istintaqın qanunla nəzərdə tutulmuş müddətlərdə tam və hərtərəfli aparılması, cinayət törətmiş bütün şəxslərin müəyyən edilməsi ilə cinayətkar şəbəkənin üzvlərinin aşkar edilməsi və məsuliyyətə cəlb edilməsinin təmin olunmasının vacibliyi bildirildi. Fiziki və hüquqi şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlardan istifadə edilməsi, sərt cəza tədbirlərinin tətbiqinə nail olunması, son dərəcə mühüm əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, korrupsiyaya daha çox uğramış sahələr üzrə mövcud normativ aktların təhlil edilməklə müvafiq təkliflərin hazırlanaraq aidiyyəti qurumlara təqdim edilməsi tələb edildi. “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş bütün məlumatların tam və düzgün araşdırılması, vətəndaşların qəbulu və onların müraciətlərinə diqqətlə yanaşılması və operativ reaksiyanın verilməsi, digər dövlət orqanları ilə mövcud əməkdaşlığın inkişaf etdirilməsi, idarənin fəaliyyətində müasir texnikadan və elektron xidmətlərdən istifadənin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və bu sahədə müsbət nəticələrə nail olmuş ölkələrin təcrübəsinin öyrənilməklə tətbiq olunması, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın həyata keçirilməsi, əhalinin bu işdə aktiv iştirakının təmin edilməsi məqsədilə onların maarifləndirilməsi işinin yeni müstəviyə qaldırılması, xüsusən idarə əməkdaşları tərəfindən mütəmadi olaraq təhsil müəssisələrində korrupsiyaya qarşı mübarizəyə dair mühazirələrin keçirilməsi, idarənin kadr potensialının gücləndirilməsi, hər bir əməkdaşın peşə hazırlığının və məsuliyyət hissinin artırılması istiqamətində qurumun fəaliyyətinin təkmilləşdirilməsi qərara alındı.

Əməliyyat müşavirəsində “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizə ilə əlaqədar tapşırıq və tövsiyələrinin icrasına dair Tədbirlər Planı” təsdiq edilib.

Müşavirəyə yekun vuran Baş prokuror korrupsiyaya qarşı mübarizə sahəsində ən qətiyyətli tədbirlərin görülməsinin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirdi.


Teqlər:





Xəbər lenti