Milli Şura: İrəli – keçmişə doğru - TƏHLİL

Milli Şura: İrəli – keçmişə doğru - TƏHLİL
  25 Oktyabr 2013    Oxunub:2072
Vüsal Məmmədov

Son günlərdə Milli Şuranın haqqında yazılan bütün xəbərlərdə ciddi bir semantik yanlışlıq var. Məsələn, hamı yazır: `Milli Şura mitinq keçirəcək`. Əslindəsə belə olmalıdır: `Milli Şuranın qalıqları mitinq keçirəcək`. Axı bu qurum elə gözümüzün önündəcə ardıcıl bir neçə dəfə parçalandı, tərkibi dəyişdi, namizədi dəyişdi, sədri dəyişdi, hamisi dəyişdi, amma özünü elə aparır ki, sanki heç nə olmayıb.


Yadıma məşhur bir lətifə düşür: `Müller maşında 60 km/saat sürətlə gedirdi. Ştirlits isə onun yanınca qaçır və özünü elə göstərirdi ki, sanki gəzməyə çıxıb`. İndi Milli Şura da özünü elə göstərir ki, sanki hər şey qaydasında gedir, o da elə seçkidən əvvəlki Şuradır. Amma deyil axı.

Əvvəlki Şura ilə indikinin arasında ciddi fərqlər var. Seçkiyə qədərki Milli Şurada Eldar Namazov cinahı vardı, Şimalın təsiri ciddi amil idi. O Şura Azərbaycan müxalifətinin siyasi spektrinin böyük hissəsini bir yerə toplamağa iddialı idi və indiyə qədərki formatlardan fərqi guya bunda idi.
İndiki Milli Şura isə yenidən AXCP-Müsavat, yaxud Kərimli-Qəmbər tandeminin üzərində qurulan standart, ənənəvi radikal birlikdir. `Yadlar` orada möhkəmlənə bilmədi. O, bu baxımdan heç seçkiyəqədərki Milli Şuranın da yox, canını sizlərə tapşıran İctimai Palatanın nüsxəsidir.

Radikal müxalifət daha bir dövrə vurub, yenə də ənənəvi formulun üzərində dayandı: AXCP+Müsavat+bir neçə qurum+bir neçə şəxs = Hansısa Qurum. Dəyişən ancaq bərabərliyin sağ tərəfidir.

Bu, onu göstərir ki, Azərbaycanda radikal müxalifət təxminən Qapalı Tipli Səhmdar Cəmiyyəti kimi bir şeydir. Ora hər hansı bir başqa qüvvə, qurum, şəxs daxil ola bilməz, olsa da iynələyib çıxaracaqlar. Yada salın: seçki ərəfəsində radikal müxaifət mediası Milli Şuradakı “özgələri” – Eldar Namazovu, Rəsul Quliyevi, Lalə Şövkəti və digərlərini necə topa tuturdu. Hakimiyyətə yaxın mediadan da beş qat artıq. Niyə? Çünki siyasi məkanın həmin hissəsini özlərininki hesab edir və buna görə də top-tüfənglə qoruyurdular. Ora başqa heç kim girə bilməz. Girənlər də vassal kimi bir şey olmalıdırlar.

İndi seçki qurtarıb, sular durulur və hər şey yenə də öz çevrəsinə qayıdır. AXCP-Müsavat cütlüyü ilə yola getməyənlər Mili Şuradan uzaqlaş(dırıl)dılar. Rəsul Quliyev getdi, Lalə Şövkət və partiyası kənarlaşdı, Asəf Quliyev, İlham Hüseyn, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova və İslam Partiyasından iki üzvü - Mövsüm Səmədovla Elçin Manafov var çıxdılar, Akif Şahbazov və Gülnarə Qurbanova Milli Şuradakı iclaslara gəlmədiyi üçün çıxarıldı. Mirmahmud Mirəlioğlu, belə görünür ki, getmək üzrədir. Yəni ilkin elan olunan məqsədin formulu artıq rəsmən pozulub.

Sual olunur: Mili Şura seçkidə vahid namizədlə iştirak etmək üçün yaradılmış birlik idisə, indi onun məqsədi və məramı nədir? 2015 və 18-ci illərin seçkisində iştirak etmək?
Təbii ki, yox. Sadəcə, radikal müxalifət artıq İctimai Palataya qayıda bilməzdi, onlara altına yığışmaq üçün yeni çətir lazım idi. Milli Şura cırılıb-söküləndən sonra yerdə qalan hissələrdən həmin çətiri tikib-düzəltdilər.

Qəribə bir paradoks yaşandı: Milli Şura təzələnib, müxalifətin köhnə qurumuna döndü. İrəli – keçmişə doğru.

İndi belə bir vəziyyətdə Milli Şura oktyabrın 27-də mitinq keçirmək fikrindədir. Bu, nə mitinqidir? Seçkinin nəticələrinə etiraz? Təbii ki, yox – o sadə səbəbə görə ki, bu qatar artıq gedib. Gücünü göstərmək? Əsla. Kiminləsə həmrəylik? Xeyir. Hansısa hadisəyə münasibət bildirmək? Yenə də yox.

Bu mitinqlə radikallar hakimiyyətəmi nəyəsə göstərmək istəyirlər? Xeyr. Xalqamı? Yox. Özlərinəmi? İnandırıcı deyil.

Güman ki, Milli Şuradakılar iki məqsəd güdürlər: 1) seçkidən sonra qurumun hələ də siyasi meydanda qaldığını təsdiqləmək 2) bunu siyasi sponsorlarına göstərmək. Hə, bunu etməyinə edəcəklər. Amma necə - sual, bax, budur.



Teqlər:  





Xəbər lenti