Azərbaycan- Romada

Azərbaycan- Romada
  26 Oktyabr 2013    Oxunub:1061
Romada Azərbaycana həsr olunmuş təqdimat keçirildi.
Oktyabrın 25-də Romada yerləşən İtaliya Silahlı Qüvvələrinin Ali Müdafiə Araşdırmaları Mərkəzində Azərbaycana həsr olunmuş təqdimat keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, tədbirdə mərkəzin rəhbər heyəti və yüksək rütbəli zabitlər iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ölkəmizin tarixi, xarici siyasətinin əsas istiqamətləri, ölkələrimiz arasındakı münasibətlər barədə ətraflı məlumat verib. Azərbaycanda baş verən siyasi və iqtisadi proseslərdən danışan səfir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub. Səfir qeyd edib ki, 20 ildən artıqdır ki, ermənilər tərəfindən ölkəmizə qarşı etnik təmizləmə siyasəti həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun ərazisi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Vaqif Sadıqov işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi barədə də məlumat verdi. O, bildirdi ki, Ermənistan uzun illərdir həyata keçirdiyi işğalçılıq siyasətinə son qoymasa, Azərbaycan ordusu torpaqlarımızın azad olunması istiqamətində üzərinə düşən öhdəliyi yerinə yetirmək məcburiyyətində qalacaq.

Tədbirdə təqdimatla çıxış edən ölkəmizin İtaliyadakı hərbi attaşesi, polkovnik Ənvər İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, müstəqillik dövründə hərbi sahədə əldə olunan uğurlardan danışıb. Ənvər İbrahimov, həmçinin tədbir iştirakçılarına Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və bu sahədə görüləcək işlər barədə də məlumat verdi.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Teqlər:





Xəbər lenti