Pino Arlakki: AP-nin Azərbaycandakı seçkilər ilə bağlı əlavələrinə əhəmiyyət vermirəm

Pino Arlakki: AP-nin Azərbaycandakı seçkilər ilə bağlı əlavələrinə əhəmiyyət vermirəm
  26 Oktyabr 2013    Oxunub:1064
`Parlamentdə və ondan kənarda bir çoxları gözləyirdi ki, biz Azərbaycanı sıfır səviyyədə demokratiyanın olduğu və qanunlara hörmət göstərilməyən avtoritar ölkə obrazında təsvir etmək ideyasına dəstək verəcəyik.`

Mən Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq Siyasəti üzrə qətnaməyə Azərbaycandakı prezident seçkiləri ilə bağlı edilmiş əlavələrə o qədər də əhəmiyyət vermirəm. Çünki bu məsələdə məhz bizim müşahidə missiyamızın nəticələri nəzərə alınır. Biz isə bəyan etmişik ki, seçkilər azad və ədalətli şəkildə olub.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu sözləri Avropa Parlamentinin Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə missiyasının rəhbəri Pino Arlakki söyləyib.

P.Arlakki deyib: “Çox pisdir ki, Avropa Parlamentindəki bəzi qruplar, məsələn, bu əlavələrin təşəbbüskarı olan “Yaşıllar” bu cür mənfi kökləniblər və bütün parlamentə münasibətdə belə qərəzlidirlər. Məlum qətnamə bu prosesə çox da əhəmiyyət verməyən auditoriyanın dəstəyi ilə qəbul olunub. Parlamentdə çoxluq təşkil edən Sosialistlər qrupu bitərəf qalıb. Mən demək istəməzdim ki, bu qətnamə bizim bəyan etdiklərimizə ziddir. Qətnamədə bizim qiymətləndirməmizin yanlış olduğu deyilmir, sadəcə, qeyd edilir ki, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatı etibarlıdır. Bu qurumun tərkibinə siyasi məsuliyyəti olmayan ekspertləri yığırlar”.

Fikirlərini davam etdirən P.Arlakki deyib: “Parlamentdə və ondan kənarda bir çoxları gözləyirdi ki, biz Azərbaycanı sıfır səviyyədə demokratiyanın olduğu və qanunlara hörmət göstərilməyən avtoritar ölkə obrazında təsvir etmək ideyasına dəstək verəcəyik. Bizim qiymətləndirməmiz bu obrazla tam ziddiyyət təşkil etdiyi üçün bu qruplar məyus oldular və bizə zərbə vurmağa çalışdılar. Çünki biz həqiqəti dedik və Azərbaycan haqqında yanlış təsəvvürləri dəstəkləməkdən imtina etdik.

Seçkilərdə Avropa Şurası, ATƏT və Avropa Parlamentindən 66 deputat müşahidə aparırdı. Hamımız müşahidələri sərbəst şəkildə apardıq və bizdə seçkilər barədə müsbət fikir formalaşdı. DTİHB-nin tərkibinə isə siyasi məsuliyyəti olmayan ekspertləri yığırlar. Onları ələ almaq asandır. Bizim qiymətimiz məsuliyyət hissi ilə verilib. Biz deputatlar seçkilərlə bağlı məsələləri ekspertlərdən daha yaxşı bilirik.
Biz artıq qısa hesabat hazırlamışıq və bir müddət sonra ətraflı hesabat açıqlayacağıq. Sənəd xarici işlər üzrə komitədə müzakirədən sonra hazır olacaq. Düşünürəm ki, bu, yaxın iki həftə ərzində baş verəcək. Biz artıq ilkin müzakirə aparmışıq və bununla bağlı nəticələri təqdim etmişik. Komitə daxilində hansısa xüsusi etirazlar olmadı. Xarici işlər komitəsinin üzvlərinin əksəriyyəti seçkiləri izləmiş təcrübəli siyasətçilərdən ibarətdir və onlar öz həmkarlarının işinə hörmətlə yanaşırlar”.


Teqlər:  





Xəbər lenti