Uğursuz seçkidən uğursuz mitinqə

Uğursuz seçkidən uğursuz mitinqə
  26 Oktyabr 2013    Oxunub:1144
İlkin AĞAYEV

Milli Şura sabah yenə də “Məhsul” stadionunda mitinq keçirəcək. Təbii ki, mitinq keçirmək hər bir demokratik prinsiplərlə inkişaf edən ölkədə tamamilə normal haldır. Amma bir sıra proseslərə və məqamlara diqqət yetirəndə Milli Şuranın seçki iddiaları və mitinq “həvəs”inin anormallığına əmin olmaq çətin deyil.
Seçkinin nəticələri bir daha göstərdi ki, radikal müxalif düşərgə Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənmir. Nüfuzlu beynəlxalq təşkilatlar və onların nümayəndələri, dünyanın ən güclü və nüfuzlu siyasi xadimləri seçkinin nəticələrini müsbət qiymətləndirdilər və növbəti 5 illik müddətə də xalq tərəfindən etimad göstərilmiş Prezident İlham Əliyevi təbrik etdilər. Həmçinin indiyə qədər keçirilmiş rəy sorğularının, “exit-poll”ların nəticələri də seçkidə kimin favorit və qalib olduğunu açıq nümayiş etdirirdi. Bu baxımdan, radikal düşərgənin seçkinin nəticələrilə bağlı cığal mövqeyi açıq-aşkar görünür və kimsənin onların bu mövqeyini, narazılıqlarını dəstəkləyəcəyi ağlabatan deyil.

Ona görə də, Milli Şuranın cəmiyyətin iradəsinə və seçiminə uyğun gəlməyən mitinqinə vətəndaşların gedəcəyi qətiyyən ağlabatan görünmür. Deməli, birincisi, bu mitinq təbii ki, qurumun əvvəllər də keçirdiyi mitinqlər kimi, sosial sifarişin nəticəsi deyil, sosial sifarişin əksinə olan mitinqdir. Ona görə də bu mitinqdə “iştirakçı” qismində yalnız ənənəvi müxalifət partiyalarının köhnə üzvlərinin və simalarının yığılmasına ümid qalır.

İkincisi, Milli Şuranın budəfəki mitinqində elə ənənəvi müxalifət nümayəndələri və partiya üzvlərinin də ötən dəfəki sayda toplaşacağını demək olmaz. Çünki seçkidən sonra keçirilmiş ilk razılaşdırılmış mitinqdə cəmi 2 min nəfəri keçməyən iştirakçı sayı ərsəyə gəlmişdi. Burada isə bütün müxalif “konqlomerat” təmsil olunurdu. Həmçinin Milli Şura əsas “güc”ünü seçkisonrası mitinqə saxladığı üçün bu qədər sayda mitinq iştirakçısı ərsəyə gəlmişdi. Halbuki 2 min iştirakçı sayı elə radikal düşərgə üçün sabit rəqəmdir.

Həmin razılaşdırılmış mitinqdə meydanın yenə dolmaması, boş qalması bir daha göstərdi ki, seçkinin nəticələrinə qarşı etiraz elektoratı çox cüzidir və onlar elə radikal düşərgədən o yana keçmirlər. Üstəlik, son günlərdə Milli Şurada kütləvi istefalar və qopmalar baş verib. Məsələn, ALP bütünlüklə Milli Şuradan çıxdığını bildirib, ACP-çilər faktik olaraq Milli Şurada AXCP-Müsavat cütlüyünə qarşıdırlar, həmçinin “islamçı”lar və sair müxalif qruplar Milli Şura ilə yollarını ayırdıqlarını açıq bəyan ediblər. Bu isə birbaşa həmin qrupların və onların tərəfdarlarının mitinqdə iştirakının qarşısını almış olacaq.

Bundan başqa, Milli Şura mitinqə adam yığmaq üçün ciddi maliyyə çətinliyi çəkir. Artıq kimsəyə sirr deyil ki, müxalifətin mitinqləri indiyə qədər adambaşına pulla şirnikləndirmə ilə baş tuturdu ki, indi bu sarıdan da radikallar ciddi qıtlıq çəkir. Perspektivsiz olmaları üzündən onların xarici maliyyə kanallarının kəsilməsi mitinqlərin maliyyələşdirilməsini olduqca müşkül işə çevirib. Bundan başqa, radikalların mitinqdə insanlara yeni heç nə deyə bilməmələri, yalnlz monoton nitqə və tənqidə üstünlük vermələri elə onların partiya üzvlərini də vaxtından əvvəl mitinqdən qaçırdır. Həmçinin artıq seçkidən 15 gündən də artıq vaxt keçib cəmiyyətdə, dünyada və eləcə də siyasi arenada son prezident seçkilərilə bağlı bitkin qənaət formalaşıb. Bundan sonra lap izdihamlı mitinq belə keçirilsəydi, heç bir effekti olmazdı… Halbuki, radikallar “Məhsul” stadionuna az sayda iştirakçı yığıb, əlavə olaraq səs-küyü, şeypur səsini, müxtəlif nadinclik və hoqqabazlıqları da bura əlavə etməklə (Keçən mitinqdə iştirakçıların azlığını məhz bu cür qarmaqarışıqlıq və asayişi pozmaqla “kompensasiya” etməyə çalışmışdılar) diqqət cəlb etmək istəyirlər. Əslində isə onların bu cür görüntüləri seçkidə biabırçı şəkildə məğlub olduqlarının özləri tərəfindən car çəkilməsi deməkdir…


Teqlər:





Xəbər lenti