Ər-Riyaddan itən jurnalistlə bağlı ittihamlara cavab

  13 Oktyabr 2018    Oxunub : 3537
Ər-Riyaddan itən jurnalistlə bağlı ittihamlara cavab
Səudiyyə Ərəbistanının daxili işlər naziri, şahzadə Əbdüləziz ibn Səud ibn Naif bəyan edib ki, Səudiyyə hökuməti müxalif jurnalist Camal Kaşoqinin oğurlanması ilə bağlı “yalan ittihamları” qınayır.
AzVision.az xəbər verir ki, bu barədə "Saudi Press Agency” məlumat yayıb.

Səudiyyəli nazirin sözlərinə görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın jurnalistin öldürülməsinə dair əmr verməsi barədə yayılan məlumatlar yalan və əsassız iddialardır.

Səudiyyə Ərəbistanı krallığı beynəlxalq hüquq normalarına riayət edilməsinə və həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda öz vətəndaşlarının maraqlarına böyük önəm verir. Səudiyyə hökuməti itən jurnalistlə bağlı bütün həqiqətin üzə çıxarılmasına səmimi olaraq cəhd edir”, – deyə nazir vurğulayıb.

Əbdüləziz ibn Səud həmçinin, itən jurnalist ətrafında yaranan vəziyyəti araşdırmaq naminə Türkiyə və Səudiyyə xüsusi xidmət orqanlarının əməkdaşlıq ideyasını dəstəklədiklərini bildirib.



Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. Hətta onun doğranılaraq öldürülməsi barədə məlumatlar da yayılıb.

Bəzi Türkiyə rəsmiləri isə amerikalılara itkin düşən səudiyyəli jurnalist Camalın öldürülməsini təsdiqləyən səs və görüntülərə sahib olduqlarını bildiriblər. Lakin Səudiyyə Ərəbistanının İstanbuldakı baş Konsulluğu cinayətlə bağlı ittihamları rədd edib.

Camal Kaşoqi Ər-Riyadın hazırkı siyasətinin ən böyük tənqidçilərindəndir. 2017-ci ildə o, Səudiyyəni tərk edərək ABŞ-da məskunlaşıb. “The Washington Post” qəzetində çalışan Camal Səudiyyədəki problemləri və Ər-Riyadın daxili-xarici siyasətini tənqid edən məqalələr yazıb.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Səudiyyə   Türkiyə