Daha bir məmura cinayət işi açıldı

Daha bir məmura cinayət işi açıldı
  06 Mart 2013    Oxunub:1422
Baş Prokurorluq daha bir korrupsiya faktı ilə bağlı məlumat yayıb.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tovuz rayon suvarma sistemləri idarəsinin vəzifəli şəxlərinin qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, müəyyən edilib ki, cəmiyyətin Tovuz rayon suvarma sistemləri idarəsinin rəisi Namiq Əliyev öz qulluq mövqeyindən sui-istifadə etməklə ona etibar olunmuş özgə əmlakını talama məqsədilə, formal olaraq maşinist kimi rəsmiləşdirilib, faktiki olaraq isə həmin idarənin xəzinədarı vəzifəsini icra edən İman Məhərrəmovla qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək müvafiq əmrlə həmin idarədə işçi kimi rəsmiləşdirilib, lakin faktiki olaraq işləmədikləri halda 29 şəxsin adına 2011-2013-cü illərdə əmək haqqı kimi hesablanmış 75.0 min manat, habelə mükafat qaydasında hesablanmış 40.0 min manat olmaqla, ümumilikdə 115.0 min manat məbləğində pul vəsaitini həmin şəxslərin adına olan plastik kartlardan istifadə etməklə bankomatlardan çıxararaq mənimsəyiblər.
Martın 4-də Tovuz rayon suvarma sistemləri idarəsinin inzibati binasına Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı İ.Məhərrəmovun iş otağındakı seyfin içərisindən ayrı-ayrı şəxslərin adlarına verilmiş 29 ədəd, idarə etdiyi “Nissan Sunny” markalı avtomobilin yük yerindən 25 ədəd, salonundan isə 1 ədəd plastik kartları, həmin kartların “pin kodu” yazılmış zərflər və digər sənədlər, N.Əliyevin iş otağından rayon suvarma sistemləri idarəsində işləyən fəhlə və qulluqçuların siyahıları, müxtəlif aktlar, vətəndaşlar tərəfindən yazılmış ərizələr, elektron yaddaş kartları, idarənin baş mühasibi Eldar Abbasın xidməti otağından isə müxtəlif sənədlər hal şahidlərinin iştirakı ilə götürülüb.
N.Əliyev və İ.Məhərrəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib, N.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs, İ.Məhərrəmov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib.
Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Teqlər:  





Xəbər lenti