Agentliyin yanında Şura yaradıldı

Agentliyin yanında Şura yaradıldı
  06 Mart 2013    Oxunub:1601
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz İctimai Şuranın koordinatoru seçilib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın təsis yığıncağı keçirilib. AzVision.az-ın verdiyi məlumata görə, yığıncaqda Agentliyin “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq gördüyü davamlı işlərdən danışılıb.

Azərbaycanın tanınmış vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Agentliyin inzibati binasında keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyar üzrə Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın yaradılması təklif irəli sürülüb. Sözügedən iclasda iştirak edən Agentliyin Sədri İnam Kərimov bu təşəbbüsü dəstəkləyərək qeyd edib ki, ictimai şuraların yaradılması və aktiv fəaliyyəti təşəbbüsü çöx mühümdür.

İctimai Şuranın təsis olunmasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyar üzrə Dövlət Agentliyinin, Azərbaycan İnternet Forumu, «Şəffaflıq Azərbaycan», («Transparency Azerbaijan»), Korrupsiyaya qarşı mübarizə Fondu, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına yardım Fondu, Azərbaycan Hüquqşünasları Konfederasiyası, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, «Hüquq və İnkişaf» İctimai Birlyi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının nümayəndələri iştirak edib. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yekdilliklə İctimai Şuranın koordinatoru seçilib.

Qeyd edək ki, İctimai Şura öz işini təşkil etmək məqsədilə Agentliklə razılaşdırmaqla öz iş qaydasını müəyyən edəcək. Həmçinin, dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin yaradılması və təkmilləşdirilməsinə təşviqlə bağlı tədbirlər həyata keçirəcək. Eyni zamanda o da bildirilib ki, İctimai Şura ictimaiyyətlə informasiya münasibətlərinin daha effektiv qurulması məqsədilə öz rəsmi internet resursunu və sosial media hesablarını yaradacaq.

Bundan başqa, Şura vətəndaşlar arasında elektron xidmətlərə olan ehtiyacın və onların göstərilmə səviyyəsinin müəyyən edilməsi ilə bağlı sorğular və monitorinqlər keçirəcək, vətəndaşlar arasında elektron xidmətlərin istifadəsinə təşviqlə bağlı maarifləndirmə işlərini aparacaq. Məlumata əsasən, İctimai Şuranın iclaslarına Agentliyin, aidiyyəti qurumların və kütləvi informasiya vasitələrinin, internet media qurumlarının nümayəndələrini dəvət ediləcək. Şura həyata keçirilən monitorinqlərin yekunları ilə əlaqədar aidiyyəti dövlət qurumuna məlumat və Agentliyə yazılı hesabat təqdim edəcək.


Teqlər:  





Xəbər lenti