Əli Həsənov: “Prezident torpaqları azad edəcək”

Əli Həsənov: “Prezident torpaqları azad edəcək”
  29 Oktyabr 2013    Oxunub:1321
“Azərbaycan prezidenti İlham Əliyev andiçmə mərasimindəki çıxışında dedi ki, nəinki Qarabağ torpaqları, Azərbaycanın tarixi torpaqlarının hər biri vaxt gələcək ki, azad olunacaq. Zəngəzur, Göyçə mahalı, eləcə də Zəngilanın vaxtilə hədiyyə olunmuş kəndləri”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

O, Zəngilanın işğalından və onun tarixindən danışıb: “Bu gün Zəngilan rayonunun işğalından 20 il keçir. Zəngilan Azərbaycanın vacib ərazilərindən biri olub. Burada hələ 636-cı ildən yaşayış olub. Bunu 14-cü əsrdə orada yaşayan və azərbaycan tarixçilərindən Həmdulla Qəzvini bildirib. Zəngilan sözünün də müxtəlif mənaları var”.

Ə.Həsənov rayonun tarixindən danışarkən deyib ki, Zəngilan rayon kimi 1930-cu ildə formalaşıb: “Zəngilan torpaqları tarixən Ermənistana bağışlanıb. Hələ 1828-ci ildə Rusiya-İran müharibəsi yekunlaşandna sonra Zəngilan Qarabağ xanlığının tərkibinə daxil edilib. Təəssüflər olsun ki, Stalinin dövründə 1929-46-cı illərdə Zəngilan torpaqlarının böyük hissəsi ermənilərə hədiyyə edilib”.

Komitə sədri vurğulayıb ki, Zəngilan və işğal olunmuş digər rayonlar işğaldan azad olunacaq: “Son seçkilər də onu göstərdi ki, Azərbaycan xalqı prezidenti ilə birdir. İlham Əliyevin sosial bazası Azərbaycan xalqdır. Hesab edirik ki, öz xalqına söykənən prezident o torpaqları azad edəcək. Xüsusilə, son seçkilərdə İlham Əliyevin Azərbaycan xalqına söykəndiyi sübut olundu.

10 il ərzində kiçik bir dövləti dünyaya tanıtdı və öz inkişaf yolunu yaratdı. Bir çox istiqamətlərdə Azərbaycanı dünyada ön sıraya çıxaran prezident tam əminik ki, bu torpaqları azad edəcək. Eləcə də digər rayonlarımızın əhalisi kimi zəngilanlılar da öz doğma yurdlarına qayıdacaq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti