YAP-çı deputatlar qəzəbləndi

  29 Oktyabr 2013    Oxunub : 677
YAP-çı deputatlar qəzəbləndi
Avropa Parlamentinin son vaxtlar Azərbaycanda keçirilən azad, ədalətli, demokratik seçkilərə özlərinin qərəzli mövqeyi ilə yanaşması təbii ki, cəmiyyət tərəfindən hiddətlə qarşılanır”.

AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov parlamentdəki çıxışında bildirib.

YAP-çı deputat Avropa Parlamentinə etiraz edərək qurumun Azərbaycanla bağlı mövqeyinin qərəzli olduğunu diqqətə çatdırıb

“Parlamentdə yazıldığı kimi hakimiyyətin mənbəyi xalqdır. Azərbaycan xalqı hakimiyyəti formalaşdırır, seçkilərdə səs verir. Müstəqillik illərindən başlayaraq ATƏT-in Demokratik Təsisatlar İnstitutu hər zaman Azərbaycan əleyhinə qərəzli rəy verməklə məşğuldur.
Baxmayaraq ki, dəfələrlə həmin təşkilatla əməkdaşlıq etmişik. Bir sıra vacib məsələləri, o cümlədən seçki məcəlləsini onlarla müzakirə etmişik. Onlarla nə qədər çox xoş rəftar etməyə çalışsan da , bir o qədər də onlar öz qərəzli məqsədlərindən əl çəkmirlər. Buna bariz nümunə kimi ABŞ-da keçirilən prezident seçkilərə onların buraxılmamasına misal gətirmək olar. Bununla yanaşı, Rusiyadakı seçkilərə də ATƏT-in nümayəndələri buraxılmadı. Lakin onlar Azərbaycanda keçirilən seçkilərdə iştirak etdilər. Avropa Parlamenti ölkəmizə müşahidə missiyasının nümayəndələrini göndərdi və sonda da çox gözəl bəyanat verdi”.

Deputat daha sonra müxalifətin mitinqlərindən söz açaraq Sərbəst toplaşmaq haqqında qanuna yenidən baxmağı təklif edib.

“Sərbəst toplaşmaq haqqında qanunla bağlı bir məsələni də həll etməliyik. Bu günə qədər şikayət edirdilər ki, bizə yer ayrılmır. Bu gün şəhərin müxtəlif ərazilərində onların azad şəkildə fikirlərini bildirmələri üçün kifayət qədər yer ayrılır. Lakin hər dəfə şahidi oluruq ki, sərbəst toplaşmaq azadlığı haqqında qanunun maddələri pozulur. Eyni zamanda, şəxsiyyətin şərəf və ləyaqəti kobud şəkildə pozulur. Bununla yanaşı, ayrı-ayrı çağırışlar olunur ki, bu da qanunla qəti şəkildə qadağan edilir. Burdan bir nəticə meydana çıxır ki, onlar burada öz fikir və rəylərini çatdırmaq niyyətində deyillər. Onlar sadəcə Azərbaycanda qarşıdurma yaratmaq məqsədi güdürlər. Buna görə də növbəti iclaslarda bu qanunun tətbiqi məsələsinə baxılmalıdır və hər kəs azad şəkildə toplaşa bilər, lakin qanunun tələblərinə hörmət etmək şərti ilə bu baş tuta bilər”- deyə S.Novruzov qeyd edib.

Hakim Partiyanın digər üzvü Mübariz Qurbanlı da Avropa Parlamentinin mövqeyini tənqid edib.

“9 oktyabr seçkiləri tarixdə qaldı, xalq öz seçimini etdi. Beynəlxalq təşkilatlarının artıq nəsə deməsi heç bir əhəmiyyət kəsb etmir. Azərbaycanın xarici siyasətini Konstitutisiyaya görə prezident müəyyən edir. Parlamentin də bu vəzifədə üzərinə böyük iş düşür. Avropa Parlamenti seçkilərlə bağlı deklarativ bəyanat qəbul edib. Avropa Parlamenti onlarla belə bəyanat qəbul edir. Ona görə bunun ətrafında ajoitaj yaratmağa ehtiyac yoxdur. Biz Avronest-in üzvüyük və Şərq tərəfdaşlığında yaxından iştirak edirik. Biz tribunalardan istifadə etməliyik və boş qəbul etməliyik. Avropa parlamentində kiminsə səyi ilə nəsə qəbul edirsə, biz Avronest-də fəaliyyətimizi dayandırmamalıyıq. Həmkarlarım məndən inciməsin, amma bəzən elə çıxış edirlər ki, bu Prezidentin siyasətinə müdaxilədir. Biz sadəcə fikir bildirməliyik. Biz xarici siyasətlə bağlı danışanda ehtiyatlı olmalıyıq. Avronest-lə bağlı çağırışlar yerində deyil, bu parlamentin səlahiyyətindədir.


Sevin İltifatqızı

Teqlər: