Təzadlı qətnamənin pərdəarxası

Təzadlı qətnamənin pərdəarxası
  29 Oktyabr 2013    Oxunub:1702
Sahil İsgəndərov, siyasətşünas

Ötən həftə Avropa parlamenti “Avropa qonşuluq siyasəti” üzrə Qətnamə qəbul etdi. Sənədin 16-cı paraqrafında Dağlıq Qaraqbağ münaqişəsinin həllində Azərbaycanın tutduğu ədalətli mövqe növbəti dəfə öz əksini tapdı.


Burada “Şərq tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrdən birinin digərinin ərazisini işğal etməsi gerçəkliyinin bu layihənin fundamental prinsiplərinə və məqsədlərinə zidd olduğu vurğulanır. Və Dağlıq Qarabağ münaqişəsinin BMT-nin hələ 20 il əvvəl qəbul etdiyi 4 məlum Qətnamələri və Minsk Qrupunun həmsədr ölkələri liderlərinin 2009-cu ildə Akvildə verdikləri birgə bəyanatının baza prinsipləri əsasında həllinin mümkünlüyü qeyd olunur. Yəni, Ermənistan silahlı qüvvələrinin birmənalı şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən təcili və qeyri-şərtsiz çıxarılması, məcburi köçkünlərin isə öz doğma torpaqlarına qayıtması tələbi qoyulur.

Avropa Parlamentinin qərarından məyusluğunu gizlədə bilməyən rəsmi İrəvan Ermənistan xarici işlər naziri Şavarş Köçəryanın və parlamentin sədr müavini Eduard Şarmazanovun diliylə Qətnamənin Avropa İttifaqının rəsmi mövqeyini əks etdirmədiyini bildirib. Xatırladaq ki, 2010-cu ilin mayında Avropa Parlamentinin qəbul etdiyi analoji ruhlu 2216 saylı Qətnaməyə də İrəvanın reaksiyası indikinin eyni olmuşdu. Həmin sənəddə Dağlıq Qarabağda separatçı xunta rejimi qurulduğu gerçəkliyi və erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması çağırışı öz əksini tapıb. Onda “Daşnaksütun” fraksiyasının deputatı Artsvik Minasyan bu Qətnamənin hətta münaqişə zonasında hərbi əməliyyatlara rəvac verə biləcəyini söyləmişdi.

Qətnamədə diqqətçəkən məqamalrdan biri də Azərbaycanla Ermənistanın “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığına verilən qiymətdir. Sənəddə İrəvanın Gömrük İttifaqına üstünlük verməsi barədə qərarı Ermənistan prezidenti Serj Sərkisyanın təkbaşına, yəni ictimai fikrə məhəl qoymadan qəbul etdiyi bildirilir. Azərbaycanın isə Avropa Birliyi ilə Assosiativ Saziş bağlamaq məsələsində aydın mövqeyi olmamasından və tərəddüd göstərməsindən təəssüf hissi açıqlanır. Orası da var ki, bu məsələdə Avropa İttifaqının özünün Azərbaycanla bağlı anlaşılmaz və tərəddüdlü mövqeyi kəskin tənqid olunur. Qətnamədə Azərbaycanın iqtisadi, geosiyasi və mədəni aspektlər baxımından strateji əhəmiyyətini Brüsselin dərk etmədiyi vurğulanır. Amma təəssüf ki, avroparlamentarilərin sona qədər ədalətli mövqe nümayiş etdirməyə siyasi iradələri çatmayıb.

Qətnamənin 32-ci bəndində Azərbaycanda baş tutmuş son prezident seçkilərinin beynəlxalq standartlara cavab vermədiyi qeyd edilir. Maraqlıdır ki, müstəsna şəkildə Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Büronun qərəzli hesabatına söykənən belə mövqe Avropa Parlamentinin seçkiləri izləyən öz missiyasının, AŞPA və ATƏT-in missiyalarının çıxardıqları ədalətli qənətlərlə daban-dabana ziddiyyət təşkil edir. Digər tərəfdən, bu, o qədər də təəccüblü görünmür. Elə götürək, bu ilin iyununda, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə rəsmi səfəri ərəfəsində Avropa Parlamentinin ölkəmizdə insan hüquqları və söz azadlığı ilə bağlı qəbul etdiyi qərəzli Qətnməni. O sənədi ki, 754 deputatdan cəmi otuz ikisinin dəstəyilə qəbul olunmuşdu və əslində Azərbaycan qazının Avropaya nəqlinin marşrutunun seçilməsi məsləsində rəsmi Bakıya cılız təzyiq cəhdindən başqa bir şey deyildi.

Son Qətnaməyə gəldikdə isə qərəzli 32-ci bəndin əslində Vaşinqtonun təzyiqi altında sənədə salındığı bəlli olur. Belə ki, ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Kristofer Maduro Avropa Şurasının Azərbaycanda baş tutmuş seçkiləri müsbət qiymətləndirməsinə görə adətən bu qurumun onsuz da Azərbaycana qarşı ədalətli mövqeyilə seçilməyən Baş katibi Tyurbörnu kəskin tənqid edib. Başqa sözlə desək, ona təpki gəlib. Amerikalı məmur Avropa Şurasının qiymətləndirmə zamanı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun qərəzli mövqeyinin nəzərə alınmamasından qeyzlənib. Hətta ABŞ Dövlət departamentinin təmsilçisi Mariya Harfın qərəzli bəyanatına da istinad etməyi zəruri sayıb.

Bu məqamda ABŞ Dövlət departamentinin bu və ya digər ölkələrdə demokratik prinsiplərin intişarı barədə mövqeyinin formalaşmasında hansı qurumların və məmurların rol oynadığı böyük maraq kəsb edir. Söhbət ilk növbədə xərclərinin 70-80%-i ABŞ hökuməti tərəfindən maliyyələşdirilən və mənzil qərargahı Vaşinqtonda yerləşən “Freedom House” (“Azadlıq evi”) adlı QHT-dən gedir. Bir qayda olaraq, bu QHT-nin rəhbərləri və ABŞ Dövlət departamentinin məmurları arasında vəzifə yerdəyişmələri həyata keçirilir. Məsələn, hazırda “Freedom House”-a Dövlət departamentinin keçmiş yüksək rütbəli mənuru Devid Kremer başçılıq edir. Onu da qeyd edək ki, 2008-ci ilin noyabrında Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə ghörüşü zamanı Devid Kremer Gürcüstana göstərilən misilsiz yardıma görə ölkəmizin başçısına dərin təşəkkürünü bildirmiş, demokratiya və ölkələrin daxili işlərinə qarışmamaq siyasəti barədə önəmli fikirlər səsləndirmişdi.

O vaxt Kremer ABŞ Dövlət katibinin demokratiya və insan hüquqları üzrə köməkçisinin müavini idi. Hazırda isə bu vəzifəni “Freedom House”-un icraçı direktorunun müavini vəzifəsindən Dövlət departamentinə gətirilən Tomas Melia tutur. Həmin Tomas Melia ki, bu ilin aprelində AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı ilə görüşündə Azərbaycandan və onun hökumətindən zəhləsi getdiyini bildirib. O Tomas Melia ki, hələ ötən əsrin 80-ci illərində 23 yaşında ikən Nyu-York ştatından olan ifrat ermənipərəst senator Patrik Moynihanın ofisində işə başlayıb və 6 il ərzində xarici siyasət məsələləri üzrə senatorun köməkçisi vəzihəsinə qədər yüksəlib. İfrat ermənipərəst senatorun məktəbini keçmiş siyasətbazın Azərbaycana neqativ yanaşmada bulunması yəqin ki, təəccüblü görünmür. Lakin, məsələ bununla bitmir. Vaşinqtonun Avropa Parlamentinə təzyiqinin arxasında daha bir məqam—geosiyasi maraqlar məsələsi dayanır.

Belə ki, bəzi ekspertlər Avropa İttifaqının iqtisadi cəhətdən nəhəng, lakin siyasi baxımdan siyasi cırtdan qurum adlandırırlar. Maraqlıdır ki, bu cür qiymətləndirmənin ilkin müəllifləri məhz amerikalı geosiaysətçilərdir. Və məsələ bundadır ki, Rusiya ilə geosiyasi qarşıdurma müstəvisində vahid Avropanın yaradılması ABŞ-ın maraqlarına cavab versə də, bu qurumun müstəqil siyasi qüvvə olması Vaşinqtonun planlarına ziddir. Yəni, Vaşinqtona xarici siyasət məsələlərində məhz onun iradəsindən asılı olan və onun diktəsi altında qərarlar çıxaran vahid Avropa lazımdır. Amma bu, heç də o demək deyil ki, Avropa Parlamentinin özü müxtəlif maraqlardan çıxış edən qatı ermənipərəst deputatlardan xalidir. Məhz Azərbaycana münasibətdə bu reallıqlar bir müstəvidə kəsişir və ölkəmizə qarşı qərəzli mövqelər ortaya qoyulur.

Sadalananlar sübut edir ki, hələ də Qərbdəki ermənipərəst qüvvələr və avroparlamentarilər Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsindən və uğurlarından çox narahatdırlar. Və kifayətdir ki, bu yönümdə ədalətli bir addım atılsın, həmin qüvvələr və kəslər dərhal Azərbaycana qarşı böhtan xarakterli sənədin və ya bəndin qəbul olunması üçün dəridən-qabıqdan çıxsınlar. Amma, belə siyasətin ayaq tutub yeriyəcəyinə inananlar bir şeyi dərk etməldirilər ki, rəsmi Bakı adekvat cavab vermək üçün kifayət qədər imkanlara malikdir. Necə ki, belə bir addım artıq atılıb.

Avropa Parlamentinin qəbul etdiyi son Qətnamənin 32-ci bəndinə etiraz olaraq, Azərbaycan nümayəndə heyəti dəqiq araşdırmalar əsasında müvafiq tədbirlər görülənədək, “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində fəaliyyət göstərən “Avronest” Parlament Assambleyasında iştirakını dayandırıb. Qətnamədə də qeyd olunduğu kimi, Azərbaycanın starteji əhəmiyyətini başa düşməyən və əksər hallarda ermənipərəst qüvvələrin yedəyində gedən Brüssel isə papağını qarşısına qoyub yaxşı-yaxşı fikirləşməli və “Nə daha önəmlidir? Ermənipərəst siyasətbazların şəxsi maraqları, yoxsa Avropanın strateji maraqları?” sualına cavab tapmalıdır.


Teqlər:  





Xəbər lenti