Müsabiqənin qalibinə 4 min manat pul mükafatı

Müsabiqənin qalibinə 4 min manat pul mükafatı
  30 Oktyabr 2013    Oxunub:1180
Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi keçiriləcək.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, oktyabr 31-dən noyabrın 5-dək Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müsabiqənin əsas məqsədi memarlığın inkişafı üçün yeni ideyaların aşkara çıxarılması, bina və tikililərin layihələndirilməsində daha mənalı şəhərsalma, kompozisiya, həcm-məkan həllərinin axtarışı, Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının yardımı ilə onların gələcəkdə praktiki olaraq həyata keçirilməsi üçün ideya və layihələrin maksimal müxtəlifliyinə nail olunmasıdır.

Müsabiqə “İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Həyata keçirilmiş ən yaxşı interyer”, “Həyata keçirilməmiş ən yaxşı layihə”, “Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Memarlıq sahəsində ən yaxşı nəşr” nominasiyaları üzrə keçirilir.
Müsabiqənin nəticələri noyabrın 3-də Bakı şəhərində keçiriləcək təntənəli mərasimdə elan ediləcək.

Bütün nominasiyalar üzrə qaliblər I yer üçün müsabiqənin heykəlciyi, müvafiq nominasiyaya uyğun diplom və 4000 manat (5000 ABŞ dolları) dəyərində pul mükafatına, II yer üçün müvafiq nominasiyaya uyğun diplom və 2500 manat (3200 ABŞ dolları) dəyərində pul mükafatına, III yer üçün müvafiq nominasiyaya uyğun diplom və 1000 manat (1400 ABŞ dolları) dəyərində pul mükafatına layiq görüləcək.


Teqlər:  





Xəbər lenti