"Azərkosmos" Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

  06 Noyabr 2018    Oxunub : 2084
"Azərkosmos" Beynəlxalq Astronavtika Federasiyasına üzv olub
"Azərkosmos" ASC dünyada kosmik sahə üzrə nüfuzlu tədbirlərdən hesab olunan 69-cu "Beynəlxalq Astronavtika 2018 Konqresi"ndə təmsil olunub.
Beynəlxalq Astronavtika Federasiyasının təşəbbüsü ilə ildə bir dəfə keçirilən "Beynəlxalq Astronavtika 2018 Konqresi"ndə bütün dünyadan olan astronavtika üzrə alimlər, kosmik agentliklərin, beynəlxalq təşkilatların, özəl sektorun təmsilçiləri olan 4500-dən çox nümayəndə iştirak edib.

Konqres çərçivəsində "Azərkosmos" Beynəlxalq Astronavtika Federasiyasının üzvlüyünə qəbul olunub. "Azərkosmos" federasiyaya üzv olmaqla kosmik araşdırmalar sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə tədqiqatların aparılması imkanlarını əldə edib.

Həmçinin konqresdə müxtəlif ölkələrin kosmik agentlik və qurum rəhbərləri ilə "Azərkosmos"un fəaliyyəti, xidmətləri, qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin aparılması müzakirə olunub.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən "Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə "Azərkosmos" 2018-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2"ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.

Azvision.az

Teqlər: Azərkosmos