Mitinqlərlə bağlı qanun dəyişməyəcək - DEPUTAT

Mitinqlərlə bağlı qanun dəyişməyəcək - DEPUTAT
  30 Oktyabr 2013    Oxunub:918
“Qanunu daha da demokratikləşdirmək olar”
Milli Məclisin Hüquq siyasəti komitəsinin üzvü Rafael Cəbrayılov millət vəkili Siyavuş Novruzovun “Sərbəst toplaşmaq haqqında” qanuna yenidən baxılması ilə bağlı ötən gün parlamentdə səsləndirdiyi təklifə münasibət bildirib.

Deputat AzVision.az-a açıqlamasında sözügedən qanuna hazırki durumda dəyişiklik edilməsinin gündəmdə olmadığını bildirib.

“İstənilən qanunun icrasına baxsaq konkretləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına tapşırlır. Qanunda yazmaq olmaz ki, filan yerə toplaşmaq üçün filan yer ayrılsın. Elə bir şey yazmaq mümkün deyil. Onda qanun olmaz. Qanun qısa və lakonik olmalıdır. Onun icrası isə hökmən müvafiq icra hakimiyyəti orqanına tapşırılmalıdır. Düşünmürəm ki, bu uğurlu bir fikir idi”.

R.Cəbrayılov qanunda müxtəlif dəyişikliklərin edilməsinin vacib olduğunu deyib. Deputatın fikrincə, “Sərbəst toplaşmaq haqqında” qanun da demokratik olmalıdır.

“Qanunda başqa məsələlərlə bağlı dəyişikliklər eləmək olar. Məsələn, nisbətən demokratikləşdirmək olar. Amma yerlə bağlı olan məsələdən söhbət gedə bilməz. Məsələn dünyanın bir neçə ölkəsi var ki, Hollandiyada heç kimdən icazə almadan harada istəsən toplaşa bilərsən. Qanun onlarda belədir. Mən düşünmürəm ki, bu bizdə də belə olmalıdır. Amma Azərbaycanın “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunu dünyanın orta statistik qanunlarından demokratiklik səviyyəsinə görə, daha yüksəkdir”-deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Siyavuş Novruzov Milli Məclisin iclasında çıxış edəərk “Sərbəst toplaşmaq haqqında” qanuna yenidən baxmağı təklif edib. Deputat müxalifətin keçirdiyi mitinqlərdən şikayət edərək bu məsələnin tezliklə həll edilməsinin vacib olduğunu diqqətə çatdırıb:

“Sərbəst toplaşmaq haqqında qanunla bağlı bir məsələni də həll etməliyik. Bu günə qədər şikayət edirdilər ki, bizə yer ayrılmır. Bu gün şəhərin müxtəlif ərazilərində onların azad şəkildə fikirlərini bildirmələri üçün kifayət qədər yer ayrılır. Lakin hər dəfə şahidi oluruq ki, sərbəst toplaşmaq azadlığı haqqında qanunun maddələri pozulur. Eyni zamanda, şəxsiyyətin şərəf və ləyaqəti kobud şəkildə pozulur. Bununla yanaşı, ayrı-ayrı çağırışlar olunur ki, bu da qanunla qəti şəkildə qadağan edilir. Burdan bir nəticə meydana çıxır ki, onlar burada öz fikir və rəylərini çatdırmaq niyyətində deyillər. Onlar sadəcə Azərbaycanda qarşıdurma yaratmaq məqsədi güdürlər. Buna görə də növbəti iclaslarda bu qanunun tətbiqi məsələsinə baxılmalıdır və hər kəs azad şəkildə toplaşa bilər, lakin qanunun tələblərinə hörmət etmək şərti ilə bu baş tuta bilər”- deyə S.Novruzov qeyd edib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti