Pentaqon Ər-Riyada köməyi dayandırdı

Pentaqon Ər-Riyada köməyi dayandırdı
  10 Noyabr 2018    Oxunub:2725
ABŞ Yəməndəki əməliyyatlarda ərəb koalisiyasına məxsus hərbi təyyarələrin havada olarkən digər təyyarələr vasitəsilə yanacaqla təmin edilməsini müstəqil şəkildə özlərinin həyata keçirəcəkləri ilə bağlı Ər-Riyadın qərarını dəstəkləyir.
Azvision.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Ceyms Mettisin yaydığı bəyanatda deyilir.

“Biz, ABŞ hökuməti ilə məsləhətləşmələrdən sonra Yəməndəki əməliyyatlarda təyyarələrin yanacaqla doldurulması üçün koalisiyanın öz hərbi imkanlarından istifadə edəcəkləri barədə Səudiyyə Ərəbistanı Krallığının qərarını dəstəkləyirik”, – Mettis bildirib.

Pentaqonun rəhbəri onu da vurğulayıb ki, ABŞ Yəmənin yerli sakinləri arasında itkiləri minimallaşdırmaq yönündə işlərini davam etdirəcək və BMT-nin Yəməndəki böhranın nizamlanması üzrə səylərini dəstəkləyəcək.

Qeyd edək ki, bundan əvvəl “Washington Post” ABŞ-ın ərəb koalisiyasına məxsus hərbi təyyarələri havada yanacaqla doldurmasını dayandıracağını yazmışdı. Vaşinqtonun bu addımı Ər-Riyadın Yəməndəki davranışlarının daha çox tənqidə məruz qalması fonunda atdığı bildirilir. Lakin qeyd olunur ki, ABŞ Səudiyyə hərbi hava qüvvələrinin imkanlarının genişlənməsindən ehtiyatlandığı üçün bu cür qərar qəbul edib. Və ikitərəfli danışıqlardan sonra Ər-Riyad bəyan edib ki, Amerikanın dəstəyi olmadan ərəb koalisiyası təyyarələrinin yanacaqla təminatını müstəqil şəkildə özləri həyata keçirəcəklər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Yəmən   ABŞ  





Xəbər lenti