Erməni vitse-spiker: “Paşinyan Əliyevin qarşısında susur”

  10 Noyabr 2018    Oxunub : 3330
Erməni vitse-spiker: “Paşinyan Əliyevin qarşısında susur”
Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanı Ermənistanın beynəlxalq mövqelərini və dövlətin təhlükəsizliyini zəiflətməkdə ittiham edib.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Şarmazanovun sözlərinə görə, Paşinyanın davranışları Ermənistanın öz müttəfiqləri tərəfindən gülüş obyektinə çevrilməsi və təklənməsinə gətirib çıxarıb.

“KTMT-nin 8 noyabrdakı iclasında Ermənistanın nümayəndəsi təşkilatın baş katibi postuna seçilmədi. Aydın olur ki, Nikol Paşinyanın idarəçiliyi dövründə Ermənistan öz təhlükəsizlik mövqelərini ardıcıl olaraq güzəştə gedir. Bunun sübutu isə, artıq KTMT-nin baş katibi postunun Belarus nümayəndəsinə veriləcəyilə bağlı açıq bəyanatlardır. Bu, Paşinyan hökumətinin açıq-aydın məğlubiyyətidir", – deyə erməni vitse-spiker bəyan edib.



Şarmazanov onu da bildiirb ki, beynəlxalq siyasətdə bu cür uğursuzluğu ört-basdır edərək erməni xalqının gözündən pərdə asmaq üçün Paşinyan daxildə yenə də korrupsiya ilə mübarizə məsələsini şişirdəcək: “Bəs sonra nə olacaq? Sonra bu uğursuzluqları örtmək üçün “korrupsiya ilə mübarizə”nin yeni dalğası başlayacaq, cəmiyyət yenə də ağlara və qaralara bölünəcək. Cənab baş nazir, korrupsiya və ya istənilən qanunsuzluğa qarşı savaşmaq lazımdır, amma bu, Ermənistanın və Qarabağın təhlükəsizliyi bahasına edilməməlidir.”

Erməni vitse-spiker həmçinin, Paşinyanı Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında susmaqda və zəiflik göstərməkdə günahlandırıb. Onun sözlərinə görə, Əliyevə təriflər yağdıran Paşinyan Ermənistanı aciz dövlət kimi göstərir.

“Bu cür uğursuzluqlarla yanaşı, Paşinyanda normal və savadlı şəxs təəssüratı yaradan İlham Əliyev yenə də hansısa ərazilərin geri qaytarıldığını, Qarabağın Azərbaycanın ərazisi olduğunu deyib və Ermənistan tərəfindən güzəştlərdən danışıb. Cənab Paşinyan, mən buna sizin reaksiyanızı gözləyirdim. Lakin cavab olaraq sizin qəti sözləriniz əvəzinə, sükutunuzla qarşılaşdım” ,- deyə Şarmazanov qeyd edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   DağlıqQarabağ   Azərbaycan