Sloveniyalı deputat: Ermənistan Qarabağdan çıxmalıdır
Bunu Avropa Parlamentinin Sloveniyadan olan üzvü İvo Vaygl Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Qarabağ münaqişəsinə dair sorğusuna cavabında bəyan edib.
İvo Vaygl deyib ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüdudlar çərçivəsində ölkələrin ərazi toxunulmazlığı prinsipi dünyada sülh və sabitliyin təmin olunması üçün əsas prioritetdir: “Əgər Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” iştirakçısı ölkələrindən biri bu prinsipə əməl etmirsə, bu, bütün ölkələr üçün problem deməkdir. Odur ki, bu məsələ təcili şəkildə öz həllini tapmalı və adekvat qərarlar qəbul olunmalıdır. Azərbaycanın işğal olunmuş torpaqlarından deportasiyaya məruz qalan hər bir məcburi köçkün öz doğma yurduna qayıtmaq şansına sahib olmalıdır”.
Avropalı parlamentar qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasındakı əməkdaşlıq təkcə Qərbi Avropa ölkələrinin enerji ilə təmin olunması ilə məsələsi ilə məhdudlaşmır. Azərbaycan regiondakı sabitliyin əsas qarantıdır: “Bu səbəbdən Aİ regiondakı dondurulmuş münaqişələrin sülh yolu ilə aradan qaldırılmasında maraqlıdır. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çoxlu əmək sərf edib. Lakin aydın məsələdir ki, bu problem təkcə diplomatik müstəvidə həll olunası bir məsələ deyil. Bu nəzərəçarpacaq siyasi problemdir ki, Cənubi Qafqazda söz sahibi olan bütün dövlətlərin əməkdaşlığı sayəsində həll oluna bilər”.(virtualaz.org)