Melburnda Azərbaycan bayrağı qaldırıldı - FOTOLAR

 Melburnda Azərbaycan bayrağı qaldırıldı -  FOTOLAR
  12 Noyabr 2018    Oxunub:3234
9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Avstraliyanın Melburn şəhərinin mərkəzində yerləşən Federasiya meydanında Azərbaycan Dövlət Bayrağının qaldırılması mərasimi təşkil edilib.
Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü, eləcə də Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Melburndakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən tədbirdə Melburn şəhərində yaşayan həmvətənlərimiz, burada təhsil alan azərbaycanlı tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasim Azərbaycanın dövlət himninin sədaları altında dövlət bayrağımızın Federasiya meydanında ucaldılması ilə başlayıb. Ümumilikdə həmin gün şəhərin mərkəzi meydanında dörd Azərbaycan bayrağı ucaldılıb ki, bu bayraqlar da gün ərzində Avstraliyanın dövlət bayraqları ilə bərabər dalğalanıb.



Tədbirdə çıxış edən ölkəmizin Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə Azərbaycan Hökuməti adından Dövlət Bayrağı Günü münasibətilə soydaşlarımızı təbrik edib və mərasimin təşkilində əməyi və dəstəyi olan hər kəsə təşəkkürünü çatdırıb. Azərbaycan Dövlət Bayrağının qaldırılması mərasiminin Avstraliyada ilk dəfə keçirildiyini qeyd edən diplomat, bunun iki ölkənin əlaqələrinin tarixində əlamətdar hadisə olduğunu vurğulayıb və belə tədbirlərin bundan sonra da xoş ənənəyə çevriləcəyinə ümidvar olduğunu qeyd edib. Diplomat bu kimi tədbirlərin Azərbaycanın Avstraliyada daha yaxından tanıdılmasına, eləcə də bu ölkədə yaşayan soydaşlarımızın həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. Avstraliyadakı Azərbaycan icmasının iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin inkişafında mühüm rol oynadığını bildirib.



Elcan Həbibzadə indiki Dövlət bayrağının 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edildiyini xatırladaraq, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncama əsasən hər il 9 noyabrın ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edildiyini bildirib. Diplomat üçrəngli bayrağımızın bütün dünyada yaşayan azərbaycanlılar üçün dövlətçiliyimizin və suverenliyimizin rəmzi olduğunu vurğulayıb. Eyni zamanda, o, dövlət başçısının digər sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini qeyd edərək, bugünkü mərasimin Cümhuriyyətimizin 100 illiyi çərçivəsində keçirildiyini qeyd edib və Bayraq Gününün əhəmiyyətindən danışıb.



Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən müvəqqəti işlər vəkili Cümhuriyyətin yaranmasının tariximizdə mühüm hadisə olduğunu bildirib, həmin dövrdə əldə edilən çoxsaylı uğur və nailiyyətlərdən bəhs edib. Mövcud olduğu qısa müddət ərzində Xalq Cümhuriyyətinin Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynadığını vurğulayan diplomat, müasir Azərbaycanın formalaşmasında da onun əhəmiyyətini xüsusi qeyd edib. Diplomat Xalq Cümhuriyyəti qurucularının xatirəsinin hər zaman xalqımız tərəfindən böyük ehtiramla yad edildiyini bildirib.



1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdiyini qeyd edən E.Həbibzadə, bu müstəqilliyin qorunub saxlanılmasında, eləcə də müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğulayıb. O, həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan indiki Azərbaycanın multikulturalizm dəyərlərinə söykənən dünyəvi dövlət olduğunu bildirib və ölkə rəhbərliyinin bu dəyərlərin qorunub saxlanmasına və təşviqinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. Mərasimdə digər çıxış edənlər - Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası idarə heyətinin üzvü Tatyana Zemlinskaya, assosiasiyanın fəalları Nicat Hacıyev, Vəfa Sadıqzadə, Səbinə Əliyeva bayram münasibətilə təbriklərini çatdıraraq, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının qürur mənbəyinə çevrildiyini vurğulayıblar. Tarixi Vətənimiz Azərbaycanın sosial-iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilməsinin ölkə hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlının qəlbində fərəh hissi doğurduğunu qeyd ediblər.

Qeyd edək ki, paytaxtı Melburn şəhəri olan Viktoriya ştatında çoxlu sayda soydaşımız yaşayır. Belə ki, Melburnda “Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası” diaspor təşkilatı, eləcə də “Azərbaycan Evi” fəaliyyət göstərir. Viktoriyada yaşayan Azərbaycan icması tariximizin, mədəniyyətimizin və incəsənətimizin Avstraliyada təbliğinə xüsusi töhfələr verir.

Azvision.az


Teqlər: Avstraliya   Azərbaycan  





Xəbər lenti