Kanada Parisin bəyanatını yalan çıxardı - "Kaşoqinin səsini dinləmişik"

Kanada Parisin bəyanatını yalan çıxardı -  "Kaşoqinin səsini dinləmişik"
  12 Noyabr 2018    Oxunub:3587
Kanada baş naziri Castin Trüdo Kanada kəşfiyyatının jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğunda qətlə yetirilməsilə əlaqədar səs yazılarına qulaq asdığını bildirib. Bununla da, rəsmi Parisin Ankaranın onlara səs yazıları verməməsilə bağlı bəyanatının yalan olduğunu üzə çıxarıb.
Azvision.az “Habertürk”ə istinadən xəbər verir ki, Trüdo səs yazılarını dinləməyə şərait yaratdığı üçün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana təşəkkür edib.

“Kanadanın kəşfiyyat xidməti Kaşoqinin qətli ilə bağlı Türkiyə kəşfiyyatı ilə çox yaxın işləyir və Türkiyə tərəfindən bu mövzuya dair məlumatlandırılıb. Bir neçə həftə öncə və Parisdə Ərdoğanla görüşlər keçirdim. Fikir mübadiləsi etdik və ona Kaşoqi məsələsinə münasibətdə verdiyi güclü cavaba görə təşəkkür etdim” – Castin Trüdo vurğulayıb.
Kanadanın baş naziri həmçinin, Kaşoqinin qətli ilə əlaqədar müttəfiq ölkələrlə birlikdə çalışdıqlarını və gələcək addımların atılması üçün onlarla eyni düşünən ölkələrlə müzakirələr apardıqlarını bildirib.

Qeyd edək ki, bundan əvvəl Fransanın xarici işlər naziri Kaşoqinin qətli ilə bağlı səs yazılarının Parisə verilmədiyini və Ərdoğanın jurnalistin ölümü üzərindən siyasi oyun apardığını bəyan etmişdi. Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyinə həsr olunan tədbirlə əlaqədar Fransaya yollanmazdan öncə isə Ərdoğan “Biz səs yazılarını verdik, Səudiyyə ərəbistanına da verdik. ABŞ-a, Almanyaya, Fransaya, Britaniyaya – hamısına verdik. Burdakı danışıqları onlar da dinlədilər, bilirlər” demişdi.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kanada   türkiyə   Fransa   ABŞ   Səudiyyə  





Xəbər lenti