Kaşoqi cinayəti Ankara ilə Paris arasında qalmaqala səbəb oldu

  12 Noyabr 2018    Oxunub : 2079
Kaşoqi cinayəti Ankara ilə Paris arasında qalmaqala səbəb oldu
Səudiyyəli jurnalist Camal Kaşoqinin qətli ilə bağlı Fransa xarici işlər naziri Jan-Iv Lö Drianın açıqlaması Türkiyənin etirazına səbəb olub.
Azvision.az xəbər verir ki, Fransanın XİN rəhbəri Kaşoqi cinayətinə dair səs yazılarının onlara təqdim olunmadığını, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi oyun oynadığını deyib. Onun bu fikirləri Ankarada etiraz doğurub.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu dərhal həmkarına cavab verib. Bildirib ki, fransalı nazir artıq həddini aşıb.

"Prezidentlə necə danışmağı bilməlidir. O, öz liderləri ilə cənab Ərdoğanı qarışdırmasın", - deyə Çavuşoğlu həmkarını yalanlayıb:

"Deyə bilərlər ki, bizim bundan xəbərimiz yoxdur. Ancaq bizim kəşfiyyat xidmətinin əməkdaşları cinayətlə bağlı əldə edilən məlumatları fransalı həmkarının tələbə ilə onlara veriblər. Prezidentin siyasi oyun oynamaqda ittiham edilməsi tərbiyyəsizlikdir. Bunlar yaxın zamanlarda Kaşoqi cinayətini inkar etsələr təəccüblənmərəm".

Qeyd edək ki, Fransadan fərqli olaraq Almaniya və Kanada Kaşoqi cinayəti ilə bağlı səs yazılarının Türkiyə tərəfindən onlara təqdim olunduğu etiraf edib.

Azvision.az

Teqlər: Türkiyə   XİN   Fransa