Şri-Lanka parlamenti hökumətə etimadsızlıq göstərdi

Şri-Lanka parlamenti hökumətə etimadsızlıq göstərdi
  14 Noyabr 2018    Oxunub:2407
Şri-Lanka parlamenti bu gün ölkənin baş naziri Mahinda Racapakse və onun formalaşdırdığı hökumətə etimadsızlıq votumu irəli sürüb.
Azvision.az xəbər verir ki, bu barədə Şri-Lankanın “Ada Derana” xəbər portalı parlamentdə təmsil olunan deputatlardan birinə istinadən yazıb.

“İnsanlar öz mövqeyini ortaya qoydu” – deputat Sacit Premadasa deyib.

Qeyd edək ki, Mahinda Racapakse 26 oktyabrda Şri-Lankanın baş naziri təyin olunub. O, 2005-2015-ci illərdə ölkənin prezidenti vəzifəsini icra edib və insan haqlarını kobud şəkildə pozmaqda günahlandırılır. Lakin Racapaksenin baş nazir kimi təyinatından sonra bu postun əvvəlki sahibi Ranil Vikramasinqhe konstitusiyaya uyğun olaraq hələ də Şri-Lankanın baş naziri olduğunu bəyan edib.

Nəticədə Şri-Lanka prezidenti Maytripala Sirisena parlamentin işinə fasilə verib. Bu isə ölkədə etirazlara səbəb olub. Ötən həftənin sonunda isə Sirisena parlamenti birdəfəlik buraxıb və 2019-cu ilin 5 yanvarına növbədənkənar seçkilər təyin edib. Lakin dünən Şri-Lankanın Ali Məhkəməsi parlamentin buraxılması barədə ölkə prezidentinin qərarını ləğv edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Şri-Lanka  





Xəbər lenti