Kaşoqinin nişanlısı - Qətlin iştirakçısı, yoxsa “Müsəlman qardaşları”nın üzvü?

 Kaşoqinin nişanlısı - Qətlin iştirakçısı, yoxsa “Müsəlman qardaşları”nın üzvü?
  15 Noyabr 2018    Oxunub:5312
Jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilməsi bütün dünyada əks-səda doğurdu. Kaşoqi əvvəlcə boğulub, sonra isə bədəni hissələrə ayrılaraq kimyəvi məhlulda əridilib ki, izlər itsin. Rəsmi Ankara əlindəki səs yazıları və sübutlara söykənərək dəfələrlə bəyan edib ki, Kaşoqinin qətlinin sifarişçiləri Səudiyyə Ərəbistanı hakimiyyətində təmsil olunanlardır. ABŞ və Böyük Britaniya kəşfiyyatı isə jurnalistin qətlində Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın birbaşa əli və marağı olduğunu üzə çıxarıb.
Lakin rəsmi Ər-Riyad və vəliəhdin özü ittihamları indiyədək rədd edir. Hətta Səudiyyə dəhşətli cinayətin baş verməsini əvvəlcə inkar edib, lakin Türkiyənin əlindəki sübutlar səbəbindən Kaşoqinin qətlini etiraf edərək bu cinayəti krallıq rəhbərliyinin icazəsi və xəbəri olmadan Səudiyyə kəşfiyyatının “müstəqil” şəkildə törətdiyini bəyan ediblər. Həmçinin, Ər-Riyad jurnalistin qətlində iştirak edən 15 nəfəri həbs edib, vəliəhd şahzadə Məhəmməd bin Salmana yaxın 5 vəzifəli məmur isə tutduğu postdan kənarlaşdırılıb.



Kaşoqinin ölümündə diqqət çəkən başlıca məsələlərdən biri də onun 36 yaşlı nişanlısı Xədicə Çingizlə bağlı yaranan suallardır. Kaşoqi-Xədicə cütlüyünün ən yaxın dostlarından biri, İstanbuldakı Türk-Ərəb Media Dərnəyinin rəhbəri Fatih Öke “RİA Novosti”yə bildirib ki, Kaşoqi nişanlısı ilə bu ilin mayında İstanbuldakı konfransda tanış olub. Həmin vaxt aspiranturada oxuyan Xədicə Fars körfəzi ölkələri, xüsusən də, Omanla yaxından maraqlanıb və bu səbəbdən ABŞ-a mühacirət edən tanınmış səudiyyəli müxalif jurnalist Kaşoqinin İstanbuldakı çıxışına qulaq asmağa gəlib.



“Konfransda Kaşoqiyə ilk sual verənlərdən biri də Xədicə idi. Daha sonra isə o, tədbirin bitməsini gözləyərək Kaşoqi ilə söhbəti davam etdirdi. Həmin gün onlar yarım saat ünsiyyətdə oldular. Bir neçə gündən sonra isə Xədicə onunla xoş söhbətinə görə Kaşoqiyə təşəkkür mesajı yazdı. Beləcə, onlar yazışmağa və daha sonra da görüşməyə başladılar. Bir neçə aydan sonra ailə qurmaq qərarına gəldilər”.



Amma cütlüyün digər tanışlarının sözlərinə görə, Xədicənin ailəsi, xüsusən də atası qızının özündən 23 yaş böyük birisi ilə ailə qurmasına etiraz edib. Kaşoqi özünün tərcüməçi dostu ilə Xədicəni istəməyə gələndə isə atası onların nikahına razılıq verib.

Lakin Türkiyədə Kaşoqinin qətlinə dair aparılan istintaqın gedişi ilə yaxından tanış olan mənbə “RİA Novosti”yə açıqlamasında Türkiyə xüsusi xidmət orqanlarında Xədicədən şübhələndiklərini bildirib. Onun sözlərinə görə, Türkiyə hakimiyyətində Kaşoqi cinayəti ilə bağlı Xədicəyə veriləcək çoxlu suallar var: “Bu qadın sanki yoxdan peyda oldu. Kifayət qədər təvazökar və mühafizəkar olmasına baxmayaraq, Kaşoqi ilə tanışlıq qurmağa ilk cəhd edən Xədicə idi. Sonra isə onların münasibəti həddindən artıq sürətlə inkişaf etdi. Yaşlı bir kişi (Kaşoqi) özündən olduqca cavan qadınla evlənmək üçün bir konsulluqdan digərinə qaçırdı ki, nikah üçün icazə sənədi alsın. Doğrudanmı Xədicə bunun təhlükəli olduğunu anlamırdı? Həmçinin, onun xarici görünüşü də.... Bu qadını yaddaqalan edən yalnız baş örtüsü və eynəkləridir. Onları çıxarsa və bir qədər də makiyaj etsə fərqli görünəcək – o dərəcədə ki, onu heç kəs tanımayacaq.”



Bununla belə mənbə bildirib ki, şübhələrə rəğmən rəsmi şəkildə Xədicəni heç kim ittiham etmir. Kaşoqinin qətlindən sonra Türkiyə polisi onu bir neçə dəfə çağıraraq söhbət edib və ifadəsini alıb.

İstintaqın gedişi ilə tanış olan mənbə onu da əlavə edib ki, Türkiyədə və ondan kənarda Xədicənin “Müsəlman qardaşları” qruplaşması ilə hansısa formada əlaqələrinin olduğu barədə söz-söhbət gəzir. Mənbə, həmçinin vurğulayıb ki, Camal Kaşoqinin digər nikahdan olan oğlunun sözləri də ciddi şübhələr doğurur. Qətldən dərhal sonra oğlu bəyan edib ki, Kaşoqinin Səudiyyədəki ailəsinin hansısa türk nişanlısı olması barədə ümumiyyətlə heç bir məlumatları yoxdur.



“Xədicə özü deyir ki, konsulluğa getməzdən əvvəl pis bir şeylərin olacağını hiss edirdi. Amma Kaşoqi yenə də risk edərək getdi. Bu məsələdə mühafizəkar mövqe də öz rolunu oynayıb. Görünür, qadın yalnız nikahdan sonra Kaşoqi ilə birlikdə yaşamağa razı olub. Jurnalistin aradan götürülməsi üzrə xüsusi əməliyyatın necə də irimiqyaslı olduğu və baha başa gəldiyini nəzərə alsaq, istisna deyil ki, qətlin təşkilatçıları Kaşoqini onu tələyə salmağa qadir adamlarla əhatə etmişdilər. Çünki bu cür variantlarda sevgi hekayəsi kişini cürətli addımlara itələyən ən yaxşı səbəbdir” ,– mənbə bildirib. Bununla belə qeyd edib ki, Kaşoqi cinayətindəki bütün qəribəliklər və şübhələr həm də hadisələrin gedişindəki təsadüflərlə izah oluna bilər.

“RİA Novosti” isə yazır ki, Xədicə Çingiz ABŞ və Türkiyə mediasına verdiyi açıqlamalardan sonra telefonunu bağlayıb. Onun tanışları isə Xədicənin nömrəsini dəyişdiyini istisna etmirlər: “Xədicə televiziyaya çıxdı, Türkiyə və Səudiyyə hakimiyyətlərinə müəyyən mesajlar verdi və sonra yenidən yoxa çıxdı...”

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   Türkiyə  





Xəbər lenti