Avropalıların 58 illik arzusu: Putin “HƏ”, Tramp “YOX” deyir

Avropalıların 58 illik arzusu: Putin  “HƏ”, Tramp  “YOX”  deyir
  15 Noyabr 2018    Oxunub:8850
Rusiyanın 2015-ci ildə Krımı ilhaq etməsindən sonra aqressiv mövqe sərgiləməsi, ABŞ prezidenti Donald Trampın “Trans-Atlantik İttifaqı” sarsıdacaq addımlar atması, Vaşinqtonun Avropanın gözündə “etibarsız müttəfiq” kimi görünməsi Avropa İttifaqının təhlükəsizliyi mövzusunu yenidən gündəmə gətirib.
Son vaxtlar təhlükəsizlik məsələsi hər bir Avropa ölkəsini narahat etməyə başlayıb. Bu səbəbdən Fransa prezidenti Emmanuel Makron “Ümumavropa Ordusu” yaradılması təklifi ilə çıxış edib. Belə bir təklif I Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə bağlı tədbirlərdən, daha doğrusu 70 dünya liderinin Paris səfərindən əvvəl səsləndirilib.



Makron avropalıların 58 illik arzusunu reallığa çevirmək istəyilə açıq hədəf göstərərək deyib: “Biz özümüzü qorumalıyıq! Çindən, Rusiyadan və hətta Amerika Birləşmiş Ştatlarından. Əsl “Ümumavropa Ordusu” yaratmaq qərarına gəlməsək, avropalıları qoruya bilmərik. Biz, ABŞ olmadan özünü müstəqil şəkildə qoruyan Avropaya sahib olmalıyıq”.



Fransa prezidentinin təklifinə Almaniya Kansleri Angela Merkel “yaşıl işıq” yandırıb: “Bir gün həqiqi Avropa ordusu yaratmaq üçün çalışmalıyıq. Avropa beynəlxalq arenada birlik nümayiş etdirdikcə, güclü olacaq. Bizim qeyd-şərtsiz başqalarına güvənəcəyimiz dövr arxada qalıb. Ona görə avropalıların taleyi öz əllərində olmalıdır”.



“Ümumavropa Ordusu” təklifinə ABŞ prezidenti isə çox sərt reaksiya verib. Tramp Parisdən qayıtdıqdan dərhal sonra Makronu hədəf alan açıqlamalar verməyə başlayıb.

“Emanuel Makron ABŞ, ÇİN və Rusiyadan qorunmaq üçün Avropanın öz ordusunu qurmasını təklif edir. Amma, Birinci və İkinci Dünya Müharibələrində Avropaya hücum edən Almaniya olub. O zaman Fransa nə etmişdi? ABŞ xilaskar kimi gəlmədən öncə Parisda almanca öyrənilməyə başlanmışdı”.



Makronun ölkəsində reytinqinin aşağı düşdüyünü söyləyən Tramp hesab edir ki, Fransa prezidenti məhz bu səbəbdən diqqəti başqa səmtə yönəldir. Onun sərt reaksiyasına Makron da eyni tərzdə cavab verib: “ABŞ bizim tarixi müttəfiqimizdir və bu belə olmağa davam edəcək. Amma müttəfiq olmaq, asılı olmaq demək deyil. Onlardan asılı olmamaq gərəkdir. Tramp Amerika siyasəti yürüdür. Bunu etməsinə izin verirəm. Amma, bütün fransızların təhlükəsizliyini ABŞ-ın əlinə buraxa bilərəmmi? Xeyr. Mənim vəzifəm sizləri qorumaqdır”.



Rusiya prezidenti Vladimir Putin isə “Ümumavropa ordusu”nun yaradılması təklifini dəstəkləyib. Hətta bəyan edib ki, buna ehtiyac var: “Avropa güclü iqtisadiyyata malik ittifaqdır. Bu baxımdan üzv ölkələrin müdafiə və təhlükəsizlik sahəsində də müstəqil olmaq istəyi təbiidir. Bunun çox qütblü dünyada yaxşı bir tendensiya olduğunu düşünürəm. Eyni zamanda bu NATO-ya qarşı alternativ olacaq”.

Göründüyü kimi müttəfiqlər arasında gərginlik davam edir. Bunun hansı nöqtəyə qədər gedəcəyini söyləmək çətindir. Digər bir həqiqət isə odur ki, müttəfiqlərin fikir ayrılığına düşməsi Rusiyaya məqbul varinatdır. Hətta bu ordunun yaranmasını Moskva Avropanın özündən çox istəyir. Maraqlar ortadadır. Bununla belə köhnə istəyin Makron tərəfindən təzələnməsinin nə ilə nəticələnəcəyini hadisələrin gələcək inkişafı göstərəcək.



Vahid bayraq, vahid parlament, ortaq pul vahidinə malik Avropa İttifaqı 1950-ci ildən bu günə qədər həyata keçirə bilmədiyi “Ümumavropa Ordusu”nu qurma xəyalını gerçəkləşdirə biləcəkmi?

Makronun ortaya atdığı “Ümumavropa Ordusu” təklifi yeni deyil. İkinci Dünya Müharibəsindən sonra əmələ gələn yeni nizam və silahsızlanmanın yaratdığı “Birləşmiş Avropa” istəyinin bir hissəsidir.

Vahid bayraq, vahid parlament, ortaq pul vahidinə malik Avropa İttifaqı üzvləri üçün vahid ordu təklifi fikri ilk dəfə 1950-ci ildə səsləndirilib. Həmin vaxt İkinci Dünya Müharibəsində məğlub olan Almaniyanın ordusu müttəfiqlər tərəfindən dağıdılmış, ərazisi 4 hissəyə bölünmüşdü. Getdikcə artan SSRİ təhlükəsi və 1950-ci ildə başlayan Koreya müharibəsi Avropada təhlükəsizliyi gündəmə gətirmişdi. Buna görə ABŞ Qərbi Almaniya üzərindən gələ biləcək Sovet təhlükəsini önləmək üçün Almaniayanın yenidən silahlandırılmasını təklif etmişdi. Bu təklifə isə Fransa tərəfindən şiddətlə etiraz edilirdi.



1950-ci ildə Nyu-Yorkda keçirilən NATO müdafiə nazirləri toplantısında Fransa müdafiə naziri Rene Jean Pleven tarixə “Pleven Planı” kimi düşən planı açıqladı. Rəhbərlikdə heç bir alman generalın olmaması kimi çox ağır şərtləri Almaniya qəbul etsə də, Fransa parlamenti təsdiq etmədiyindən bu plan reallaşdırılmadı.

Görünən odur ki, gedərək çox qütblü olmağa başlayan dünyada artan təhdidlər fonunda 1950-ci ildə ortaya atılan “ortaq ordu” təklifi daha yüksək tonla səsləndiriləcək. Xüsusən, 2015-ci ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra daha aqressiv mövqe sərgiləməsi Avropa İttifaqında təhlükəsizlik və müdafiə siyasətinə çox böyük təsir etdi. O zaman Avropa Komissiyasının sədri Jan-Klod Yunker üzv ölkələri “ortaq ordu” yaratmağa səsləmiş və müzakirələri yenidən başlatmışdı. 25 ölkənin müdafiə sahəsində əməkdaşlıq etməsini hədəfləyən sənədin qəbuluna baxmayaraq, hələ də Aİ-nin vahid ordusu yoxdur.



Digər maraqlı detal isə Aİ-nin 2021-2027 büdcəsində müdafiə sahəsinə 28 milyard avro vəsait ayırmağı planlaşdırmasıdır. Bütün bunlar “Ümumavropa Ordusu”nun qurulması istiqamətində atılmış addımlar kimi dəyərləndirilə bilər.

Bununla belə nikbin olmağa əsaslar yoxdur. Çünki İttifaqa üzv ölkələrin heç də hamısı bu ideyanı dəstəkləmir. Yenidən müzakirəyə təqdim olunan “Ümumavropa Ordusu” ideyasını İttifaqın lokomotiv ölkələri dəstəkləyir. Fransa və Almaniya ilə yanaşı İtaliya və İspaniya da ideyanı dəstəkləyir. Macarıstan, Çexiya, Polşa, Slovakiya “vahid ordu” qurulmasını dəstəkləsə də, onlar hərbi gücün daha çox sərhədlərin qorunmasına və miqrantlarla mübarizəyə sərf olunmasını istəyirlər.



Daha bir maraqlı məqam ilk gündən “vahid ordu” ideyasına qarşı çıxan İngiltərə ilə bağlıdır. İngiltərənin mart ayında Aİ-dən çıxması “Ümumavropa Ordusu”nun yaradılmasını sürətləndirə bilər. “Brexit”ə görə İngiltərə təhlükəsizliyini və müdafiəsini Brüssel mərkəzli orduya əmanət etməyəcək.

İngiltərədən başqa Rusiya ilə qonşu olan Litva və Latviya da təhlükəsizliyini NATO-ya əmanət edir. Bu baxımdan onlar da “Ümumavropa Ordusu”nun yaradılmasına müsbət yanaşmırlar. Avstriya, İsveç, Finlandiya və İrlandiya kimi ölkələr isə hərbi cəhətdən neytrallıqlarını qorumaq üçün bu ideyaya qarşıdırlar.

Bütün bunları nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, avropalılar üçün "Ümumavropa Ordusu" elə arzu olaraq qalacaq.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Avropa-Ordusu     Makron   Tramp   Merkel   Putin   Ordu  





Xəbər lenti