Prezident: “Azərbaycan təhsillə bağlı ciddi islahatlar aparır” - YENİLƏNİB

  31 Oktyabr 2013    Oxunub : 562
Prezident: “Azərbaycan təhsillə bağlı ciddi islahatlar aparır” - YENİLƏNİB
“İnternet dövründə media artıq ikinci hakimiyyətdir”

Azərbaycanda son illər ərzində müxtəlif mövzularla bağlı mötəbər beynəlxalq tədbirlər, sammitlər, beynəlxalq konfranslar keçirilir və Bakı bir növ beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilib.

bunu Azərbaycan Prezidenti İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Prezident bildirib ki, humanitar məsələlər, humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən məsələlərdir: "Forumun işinə çox böyük maraq var. 70 ölkədən 800-ə yaxın qonaq iştirak edir və demək olar ki, dünya birliyinin böyük bir hissəsinin intellektual elitası bu gün bizim qonağımızdır. Azərbaycanda humanitar əməkdaşlığa bütün dövrlərdə böyük diqqət göstərilmişdir. Bu, daim diqqət mərkəzində olan bir məsələdir və hesab edirəm ki, bizim ölkəmizdə bu sahədə artıq gözəl təcrübə də toplanıb və bu gün Bakıda siyasi, iqtisadi, enerji məsələləri ilə yanaşı humanitar məsələlər də yüksək səviyyədə müzakirə edilir".

Dövlət başçısının sözlərinə görə, bu il Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı, artıq iki dəfə mədəniyyətlərarası dialoq forumu keçirilmişdir və Bakı Beynəlxalq Humanitar Forumunun da bu sırada öz yeri vardır: "Əminəm ki, forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi beynəlxalq humanitar əməkdaşlığa öz töhfəsini verəcəkdir. Belə tədbirlərin Azərbaycanda keçirilməsi yəqin ki, təbiidir, çünki bütün dövrlərdə Azərbaycanda yaşayan bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşamışlar".

İlham Əliyev bildirib ki, Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycan düzgünlük, tolerantlıq məkanı olmuşdur və bu möhkəm təməl üzərində bu gün müstəqil Azərbaycan öz siyasətini qurur. Azərbaycanda bu gün çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcuddur: "Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir və biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Bütün xalqların, bütün dinlərin nümayəndələrinin abidələri, tarixi abidələr qorunur, bərpa edilir. Azərbaycanda qədim Zərdüştlük Məbədi bərpa edilmişdir. Qafqazın ən qədim kilsəsi də Azərbaycanda yerləşir. O da əsaslı şəkildə bərpa edilib. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı təmir edilib. Bu məscidin 1270 yaşı var. Yəni bütün dinlərin abidələrinin bərpası, qorunması dövlət siyasətidir. Və əlbəttə ki, Azərbaycanda toplanmış bu gözəl tarixi təcrübə bu gün müasir şəraitdə özünü büruzə verir və vətəndaş cəmiyyətinin formalaşması, millətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafı hesab edirəm ki, bizim böyük nailiyyətimizdir. Bir daha qeyd etmək istəyirəm ki, təsadüfi deyil ki, humanitar əməkdaşlıqla bağlı məsələlər Bakıda müzakirə edilir".

Prezident çıxışında əminliklə bildirib ki, forumun gözəl gələcəyi olacaq və bu beynəlxalq əməkdaşlıq platforması dünyada gedən müsbət proseslərə öz müsbət təsirini göstərəcəkdir: "Forumun çox geniş gündəliyi var, çox maraqlı mövzular müzakirə ediləcəkdir. Ancaq mənə verilən məlumata görə, ən böyük maraq doğuran multikulturalizmlə bağlı olan məsələlərdir və deyə bilərəm ki, forumun mərkəzində məhz bu mövzu yerləşir, çünki bu mövzu daim diqqət tələb edir və bu mövzu ilə bağlı dünyada müxtəlif fikirlər var. Əlbəttə, müsbət təcrübə də var, mənfi təcrübə də var. Hesab edirəm ki, bizim hamımızın işi ondan ibarət olmalıdır ki, multikulturalizmin müsbət tərəflərini qeyd edək, onları təbliğ edək və dünyada bu mövzu ilə bağlı mövcud olan ayrı-seçkiliyi aradan götürək. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, tarixi keçmişimiz də bunu diqtə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk və bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir".

Dövlət başçısının sözlərinə görə, XXI əsrdə multikulturalizmə alternativ yoxdur, alternativ ayrı-seçkilik, ksenofobiya, islamofobiyadır, əlbəttə ki, XXI əsrdə bu xoşagəlməz meyillərə biz biganə yanaşa bilmərik: "Ona görə mülti-mədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır. Əfsuslar olsun ki, bəzi hallarda biz başqa fikirləri də eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Bəzi ölkələrdə bu məsələ ilə bağlı çox bədbin əhval-ruhiyyə hökm sürür. Hesab edirəm ki, biz dünyada müsbət təcrübə üzərində öz təhlilimizi aparmalıyıq və müsbət təcrübəni təbliğ etməliyik. Çünki dünyada multikulturalizmin bir çox ünvanları vardır. Dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması zəmanənin tələbidir. Yəni bəşəriyyət bu istiqamətdə inkişaf edib və bu gün ümumbəşəri dəyərlər hər bir normal cəmiyyətdə əsas təşkil edir. Belə olan halda multikulturalizmlə bağlı olan problemlər, əlbəttə ki, açıq şəkildə müzakirə edilməlidir".

İlham Əliyev hesab edir ki, bu problemlər gizlədilməməli, ört-basdır edilməməlidir: "Onlar açıq şəkildə müzakirə edilməli, müsbət və mənfi təcrübələr təhlil edilməlidir. Bir də demək istəyirəm ki, bizim əsas amalımız ondan ibarət olmalıdır ki, multi-mədəniyyətli cəmityyətlərin inkişafı üçün öz töhfəmizi verək. Deyə bilərəm ki, Azərbaycanda bu istiqamətdə toplanan təcrübə müsbət təcrübədir. Qeyd etdiyim kimi, bu, bizim dövlət siyasətimizdir, bu, bizim həyat tərzimizdir və humanitar forumun məhz Bakıda keçirilməsi hesab edirəm ki, bu təcrübənin müsbət tərəflərinin qiymətləndirilməsidir".
Prezident bildirib ki, Forumun mövzularından biri iqtisadi inkişafın humanitar aspektləridir: "Hesab edirəm ki, bu, çox maraqlı bir mövzudur və hesab edirəm ki, yenə də Azərbaycanın təcrübəsi burada maraqlı ola bilər, çünki baxmayaraq ki, biz etnik təmizləməyə məruz qalmışıq və torpaqlarımız işğal altındadır, bir milyondan çox qaçqın, köçkün vardır ki, dövlət onlara qayğı göstərir, bizim iqtisadi inkişafımız son on il ərzində dünya miqyasında ən sürətli olmuşdur. Son on il ərzində aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatı 3,4 dəfə artmışdır və bu, əgər belə demək mümkündürsə, dünya rekordudur. Eyni zamanda, Azərbaycanda sosial məsələlərin həllinə də böyük diqqət göstərilir. Çünki köklü iqtisadi islahatlar aparılarkən bir çox hallarda insanların yaşayış səviyyəsi aşağı düşür və Azərbaycan son 20 il ərzində transformasiya dövrünü yaşamış bir ölkə kimi, əlbəttə ki, bu risklərdən də özünü qorumalı idi. Ona görə ki, bizim müstəqilliyimizin cəmi 22 yaşı var və 22 il ərzində biz müstəqil, azad ölkə kimi fəaliyyət göstəririk. Eyni zamanda, cəmi 20 ildir ki, Azərbaycan bazar iqtisadiyyatı prinsipləri əsasında öz iqtisadiyyatını qurur. Biz nəinki müstəqil deyildik, eyni zamanda Sovet İttifaqında mövcud olan iqtisadi sistem də əlbəttə, səmərəli fəaliyyət göstərə bilməzdi. Ona görə bizim üçün transformasiya iki istiqamətdə gedirdi. İlk növbədə, biz dövlətçiliyin əsaslarını qoymalı, möhkəmləndirməli idik, bütün demokratik təsisatlar qurulmalı idi, Azərbaycan dünya birliyinə inteqrasiya etməliydi, eyni zamanda iqtisadi sahədə köklü islahatlar aparılmalı idi, çünki bunsuz bizim inkişafımız mümkün olmazdı. Əlbəttə, bu islahatların aparılması bir çox hallarda insanların yaşayış səviyyəsinə məhz mənfi təsir göstərə bilərdi. Ancaq bizim siyasətimiz, apardığımız ciddi sosial siyasət ona gətirib çıxardı ki, sürətli iqtisadi inkişaf, eyni zamanda insanların rifah halına da müsbət təsir göstərmişdir və bunu sübut emək üçün mən bir neçə rəqəmi demək istəyirəm. Qeyd etdiyim kimi, iqtisadiyyat son on ildə 3,4 dəfə, büdcə gəlirləri 20 dəfə, maaşlar təxminən 6 dəfə, pensiyalar 9 dəfə artmışdır. On il bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Bu gün aparılmış islahatlar nəticəsində yoxsulluğun səviyyəsi cəmi 5,5 faizdir. Aparılan islahatlar nəticəsində on ildə Azərbaycanda 1 milyon 200 min iş yeri açılmışdır və işsizlik Azərbaycanda hazırda 4,8 faizdir. Bütün bu məsələlər əlbəttə ki, iqtisadi islahatların nəticəsidir və eyni zamanda bütün bu məsələlərin bilavasitə humanitar sahəyə dəxli var, çünki Azərbaycan siyasətinin təməlində və mərkəzində Azərbaycan vətəndaşı dayanır".

Dövlət başçısının sözlərinə görə, ciddi, çox məqsədyönlü sosial siyasət bizə imkan verdi ki, ölkə inkişaf etsin, insanların rifah halı yaxşılaşsın. Eyni zamanda, iqtisadi sahədə bizim əsas hədəfimiz qeyri-neft iqtisadiyyatını artırmaq idi. Və bu gün biz buna nail ola bilmişik. Bizim ümumdaxili məhsulumuzda qeyri-neft sektoru üstünlük təşkil edir".

İlham Əliyev bildirib ki, rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı dünyada 39-cu yerdədir: "Razılaşın ki, cəmi 20 il bazar iqtisadiyyatı prinsipi əsasında yaşayan ölkə üçün bu, tarixi nailiyyətdir. Bu məsələlərlə bağlı nəinki müzakirələr, hesab edirəm ki, tövsiyələr də verilməlidir. Bəzi hallarda sosial məsələlərin həlli üçün ayrılan vəsait gələcəkdə ölkələrin iqtisadi problemlərinin yaranmasına gətirib çıxarır. Biz bunu dünyada davam edən iqtisadi və maliyyə böhranının təzahürlərində görürük. Bir çox hallarda siyasətçilərin qeyri-real, populist seçkiqabağı vədləri gələcəkdə iqtisadi problemlərə gətirib çıxarır. Keçən Forumda mən bu məsələlərlə bağlı öz fikirlərimi bildirmişdim, siyasətçilərin məsuliyyəti haqqında danışmışdım. Hesab edirəm ki, bu mövzu hələ diqqət mərkəzində qalacaq. Çünki populist vədlər və ondan sonra onların icrası bir çox hallarda əsassız borclanmaya gətirib çıxarır və bəzi ölkələrin dövlət borcu ümumdaxili məhsulun 100 faizini və ondan da çoxunu təşkil edir. Daima borc götürən ölkələr bir gün o borcu qaytarmalıdırlar və belə olan halda, ilk növbədə, həmin borcu sosial proqramların ixtisarı, maaşların kəsilməsi hesabına qaytarmağa çalışırlar.

Ona görə də iqtisadi inkişafın və eyni zamanda iqtisadi tənəzzülün sosial humanitar aspektləri çox ciddi təhlilə məruz qalmalıdır. Bizim təcrübəmiz ondan ibarətdir ki, biz iqtisadi islahatların aparılmasında ancaq öz daxili imkanlarımıza güvənirik. Ona görə bizim xarici borcumuz ümumdaxili məhsulun cəmi 7-8 faizini təşkil edir və biz istənilən vaxtda bu borcu qaytara bilərik, çünki Azərbaycanın valyuta ehtiyatları ümumdaxili məhsulun 70 faizini təşkil edir və bu göstəriciyə görə də biz dünyada ön sıralardayıq. Və hesab edirəm ki, daxili resurslarımıza arxalanmaq ən düzgün siyasətdir. Biz çox ciddi sosial siyasət aparmışıq, aparırıq və aparacağıq, ancaq bunun mənbəyi Azərbaycan iqtisadiyyatıdır və iqtisadi inkişaf sosial məsələlərin həllinə də gətirib çıxarmalıdır. Və burada əlbəttə ki, uzlaşma düzgün aparılmalıdır".

Prezident bildirib ki, hər bir ölkənin inkişafı, ilk növbədə, insanların həyat tərzində özünü göstərməlidir və insanların yaşayış səviyyəsi qalxdıqca, yeni imkanlar yarandıqca, ölkə iqtisadiyyatı da daha sürətlə inkişaf edəcək: "Yəni Azərbaycanın bu sahədə təcrübəsi var və hesab edirəm ki, bu, qonaqlar üçün maraqlı ola bilər. Bu gün, eyni zamanda elmi innovasiyalar haqqında dəyirmi masalar keçiriləcək. Azərbaycan çalışır ki, bu sahədə də ön sıralarda olsun, elmin inkişafına böyük diqqət göstərilir, xüsusi fond yaradılmışdır - Elmin İnkişafı Fondu, yüksək texnologiyalara investisiya qoyulur. Bu ilin fevralında Azərbaycan kosmik dövlətlərin sırasına daxil edilibdir, birinci Azərbaycan peyki fəzaya qaldırılmışdır və bu gün "Azərspeys 1" Azərbaycan peyki dövlətimizə, xalqımıza xidmət edir. İnternet texnologiyalarının inkişafı daim diqqət mərkəzindədir".

İlham Əliyev hesab edir ki, dünyanın gələcəyi yalnız əməkdaşlıq üzərində - qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, sivilizasiyalararası dialoq üzərində qurulmalıdır: "Əgər belə olmasa, onda bəşəriyyət böyük fəlakətlərlə, problemlərlə üzləşə bilər. Ancaq müasir dünyada biz bəzi hallarda başqa bir mənzərə ilə üzləşirik. Hazırda dünya siyasətində etimad böhranı yaşanır, bu da çox təhlükəli tendensiyadır. Bəzi hallarda ən yaxın ölkələr, müttəfiqlər arasında ziddiyyətlər, anlaşılmazlıqlar yaranır, yəni etimad azalır. Və etimad olmadan heç bir beynəlxalq əməkdaşlıqdan söhbət gedə bilməz. Beynəlxalq əməkdaşlıq, o cümlədən siyasi və humanitar əməkdaşlıq ancaq qarşıılıqlı etimad əsasında, səmimiyyət üzərində qurula bilər. Bəziləri hesab edirlər ki, səmimiyyət siyasi kateqoriya deyil. Ola bilər. Ancaq biz elə etməliyik ki, səmimiyyət siyasi kateqoriyaya çevrilsin. Əgər belə olsa, onda hesab edirəm ki, dünya daha da təhlükəsiz olacaqdır. Bu gün dini zəmində gedən davalar, müharibələr bizi çox narahat edir. Çünki bu, çox təhlükəli tendensiyalardır və humanitar məsələlərin müzakirəsi, humanitar əməkdaşlıq müsbət istiqamətə atılan addımdır. Mən hesab edirəm ki, humanitar əməkdaşlığın hər bir aspekti dünya gündəliyinin mərkəzində olmalıdır.

Təhsillə bağlı məsələlər bu gün müzakirə ediləcəkdir. Bu sahədə Azərbaycan ciddi islahatlar aparır və elmin, təhsilin inkişafı bizim gələcəyimizdir. Hər bir dövlətin gələcəyidir. Və dəfələrlə qeyd eləmişəm ki, bizim ölkənin gələcəyi elmlə, təhsillə bağlı olacaqdır. Biz çox xoşbəxtik ki, Azərbaycanda savadlılığın səviyyəsi çox yüksəkdir, təxminən 100 faizdir. Və bu, bizə imkan verir ki, təhsilin keyfiyyəti, elmin inkişafı daha da sürətlə getsin. Çünki bu, hər bir ölkənin gələcəyidir. Eyni zamanda savadlı, bilikli, yüksək təhsil almış gənclər radikalizmdən uzaq olurlar, onları yoldan çıxarmaq o qədər də asan olmur. Ona görə də elmin, təhsilin inkişafı, bilikli gənclərin yetişdirilməsi ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin edəcəkdir. Və, əlbəttə, bu gün bizim qonaqlarımızın arasında inkişaf etmiş ölkələrin nümayəndələri kifayət qədər çoxdur. Onlar da yaxşı bilirlər ki, inkişaf etmiş ölkələrin uğurlarını elm, elmi-texniki tərəqqi, bilik təmin edib, təbii resurslar yox və bizdə də belə olmalıdır. Bizdə təbii resurslar sadəcə bir vasitə idi ki, ölkəmizin inkişafına təkan verilsin. Ondan sonra Azərbaycanın dayanıqlı inkişafı elmi- texniki tərəqqi üzərində qurulmalıdır, müasir texnologiyalar üzərində qurulmalıdır, azad, demokratik cəmiyyət üzərində qurulmalıdır. Və bu istiqamətdə ölkəmizdə böyük addımlar atılır. Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşması istiqamətində çox ciddi islahatlar aparılıb və siyasi və iqtisadi islahatlar Azərbaycanda paralel şəkildə aparılır".

Prezident çıxışında, həmçinin qeyd edib ki, iki il sonra Bakıda birinci Avropa Oyunları keçiriləcəkdir, bu da tarixi hadisə olacaqdır: "Çünki bu günə qədər Avropa Oyunları keçirilməyib, Panamerikan, Asiya Oyunları, Afrika oyunları keçirilib. Ancaq Olimpiya hərəkatı Avropada yaranıb və Avropada da bərpa edilmişdir, ancaq nədənsə Avropa oyunları keçirilməyib. Və birinci oyunları keçirmək missiyası, bu şərəfli missiya bizim üzərimizə düşür və 2015-ci ildə Azərbaycanda, müsəlman ölkəsində birinci Avropa Oyunları keçiriləcəkdir. Hesab edirəm ki, bu hadisənin nəinki idman, eyni zamanda böyük ictimai mənası vardır. Və ondan iki il sonra, 2017-ci ildə Azərbaycanda İslam Həmrəylik oyunları keçiriləcəkdir. Yəni bu iki hadisə özlüyündə ölkəmizin dünyadakı rolunu əks etdirir. Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzvdür və nadir ölkələrdəndir ki, hər iki təşkilatda təmsil olunur. Bizim coğrafi vəziyyətimiz belədir ki, biz Asiya ilə Avropa arasında bir körpüyük.

Humanitar əməkdaşlıqla bağlı olan məsələlər də Azərbaycanı sivilizasiyalararası dialoqun aparılması üçün bir mərkəzə çevirir. Bu, böyük, şərəfli missiyadır, eyni zamanda böyük məsuliyyətdir. Biz bu məsuliyyətə hazırıq, bu məsuliyyəti öz üzərimizə götürmüşük və bugünkü toplantı bunun bariz nümunəsidir. Mən əminəm ki, bütün mövzularla bağlı Forum iştirakçıları öz fikirlərini bölüşəcəklər, burada aparılacaq müzakirələr çoz maraqlı olacaq, bunu mən bilirəm və əminəm ki, bu müzakirələr, qəbul edilmiş qərarlar və gələcək birgə fəaliyyətimiz dünyada beynəlxaq humanitar əməkdaşlığın inkişafına böyük töhfə olacaq. Bir daha sizi ürəkdən salamlayıram, Forumun iştirakçılarına uğurlar arzulayıram, əminəm ki, Forum çox böyük, uğurlu bir hadisə olacaqdır. Sağ olun."(trend)

Teqlər: