Konqress Ər-Riyada qarşı yeni sanksiyalarla bağlı qanun qəbul edir

Konqress Ər-Riyada qarşı yeni sanksiyalarla bağlı qanun qəbul edir
  16 Noyabr 2018    Oxunub:3061
ABŞ Konqressinin Respublikaçılar və Demokratlar partiyasından olan bir qrup senatoru səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin qətli və Ər-Riyadın Yəməndəki hərbi fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanına qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim ediblər.
Azvision.az “Kommersant”a istinadən xəbər verir ki, qanun layihəsinin müəlliflərindən olan demokrat senator Bob Menendez Kaşoqinin qətlinə görə Səudiyyənin sadəcə 17 vətəndaşına qarşı fərdi sanksiyaların kifayət etmədiyini və bu səbəbdən də, daha geniş sanksiyalar paketinin zəruri olduğunu bildirib.

Bütövlükdə qanun layihəsi Ər-Riyada silah satışının tamamilə dayandırılmasını, Yəməndəki vətəndaş müharibəsində iştirak edən Səudiyyə koalisiyasının hərbi təyyarələrini havada yanacaqla təchiz edilməsinə qadağanı, Yəmənə humanitar yardımın çatdırılmasını bloklayan şəxslərə, həmçinin, şiə husi üsyançılarını dəstəkləyənlərə qarşı sanksiyalar, o cümlədən də, jurnalist Camal Kaşoqinin ölümündə cavabdeh olan şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Həmçinin, sanksiyalarla bağlı qanun layihəsində Səudiyyə Ərəbistanında insan hüquqlarının vəziyyəti barədə hesabatın və Səudiyyənin hərbi cinayətlərdə əli olan məmurlarının siyahısının hazırlanması təklif olunur.

Qeyd edək ki, ötən gün ABŞ Camal Kaşoqinin qətli ilə əlaqədar Səudiyyə Ərəbistanının 17 vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Lakin sanksiyalara məruz qalan həmin şəxslərin konkret hansı məsələlərə görə günahlandırıldığı açıqlanmayıb.

Leyla Elbrusqızı
Azvision.az






Teqlər: Səudiyyə   Yəmən   ABŞ   Konqress  





Xəbər lenti