“ABŞ hərbi bazalarını yerləşdirməyəcəyik” - Putinə vəd verildi

 “ABŞ hərbi bazalarını yerləşdirməyəcəyik” -  Putinə vəd verildi
  16 Noyabr 2018    Oxunub:3329
Yaponiyanın baş naziri Şinzo Abe 14 noyabrda Rusiya prezidenti Vladimir Putinlə təkbətək danışıqlarda söz verib ki, əgər Cənubi Kuril adalarının bir hisəsi Tokioya qaytarılsa, Yaponiya həmin adalarda ABŞ hərbi bazalarını yerləşdirməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiyanın “Asahi Shimbun” qəzeti Yaponiya hökumətindəki mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, söhbət Habomai və Şikotan adalarının qaytarılmasından gedir.

Belə ki, 2016-cı ildə Yaponiyanın Milli Təhlükəsizlik Şurasının baş katibi Syotaro Yati rusiyalı həmkarı Nikolay Patruşevlə görüşündə adaların geri qaytarılacağı təqdirdə orada Amerika hərbi bazalarının yerləşdirilə biləcəyini istisna etməmişdi. Məhz bundan sonra Cənubi Kuril adaları ilə bağlı Moskva ilə Tokio arasındakı münaqişə daha da gərginləşmişdi. Vəziyyətin gərginləşdiyini və Rusiyanın kompromisə getməyəcəyini anlayan Şinzo Abe daha sonra Putinlə keçirdiyi görüşlərdə dəfələrlə bildirib ki, Tokionun belə bir niyyəti yoxdur.

“Asahi Shimbun”un məlumatına görə, hazırda Yaponiya Xarici İşlər Nazirliyi ABŞ hərbi bazalarının Yaponiya ərazisində yerləşdirilməsilə bağlı məsləhətləşmələr aparır.

Qeyd edək ki, 1956-ci il SSRİ-Yaponiya birgə bəyannaməsində göstərilib ki, Moskva sülh müqaviləsi imzalandıqdan sonra Cənubi Kuril adalarının Tokioya qaytarılmasının mümkünlüyünə baxmağa razıdır. Bu ilin 12 sentyabrında Vladivastokda keçirilən Şərqi İqtisadi Forumda Putin heç bir ilkin şərt olmadan Abeyə sülh müqaviləsi imzalamağı təklif edib. Lakin Tokioda bu təklif rədd edilib.

Xatırladaq ki, Kuril adaları arxipelaqının cənub hissəsi Rusiya və Yaponiya arasında mübahisəli ərazidir. Tokio Cənubi Kuril adaları - İturup, Kunaşir, Şikotan və Habomai adalarının Yaponiyanın ərazisi olduğunu və İkinci Dünya Müharibəsi nəticəsində SSRİ tərəfindən ələ keçirildiyini bildirir.

Müharibədən sonra Kuril adalarının hamısı Sovet İttifaqına birləşdirilib və indiyədək Moskva bu adaların ona məxsus olduğunu iddia edir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Kuril   Yaponiya   ABŞ  





Xəbər lenti