Xalq artisti və baş redaktordan Zeynəb Xanlarovaya DƏSTƏK

Xalq artisti və baş redaktordan Zeynəb Xanlarovaya DƏSTƏK
  31 Oktyabr 2013    Oxunub:1008
”Hər bir azərbaycanlı qarabağlı olmalıdır”

Milli Məclisin sonuncu iclasında millət vəkili Zeynəb Xanlarova parlamentdə çıxış edən deputatların Qarabağ problemindən danışmamasından gileylənib. Xalq artisti çıxışında qarabağlı deputatlarından şikayətlənərək onlara Qarabağdan danışmadıqları üçün etirazını bildirib.

“Başqa ölkələrdə nə olubsa bizim parlamentdə onu müzakirə edirlər. Nəyimə lazımdır başqa ölkələrdə kim-kimə qulaq asır. Mən istərdim ki, hər dəfə biz Qarabağdan danışaq. Başqa söhbətlər edənlər Qarabağdan olmayan deputatlardır , istərdim ki, Qarabağdan olan deputatlar danışsınlar”.

Zeynəb Xanlarovanın bu fikirləri ilə bəzi deputat həmkarları razı olmasa da Qarabağdan olan tanınmış şəxslər Xalq artistinin haqlı sayaraq ona dəstək veriblər.

”525-ci qəzet”in baş redaktoru Rəşad Məcid AzVision.az-a açıqlamasında Zeynəb Xanlarovanın çıxışına dəstək verdiyini deyib. Baş redaktorun fikrincə, Xalq artistinin bu çıxışı təkcə deputatlara deyil, ümumilikdə hər kəsə ünvanlanıb.

“Zeynəb xanımın vətəndaş mövqeyi həmişə fərqli olub. Qarabağla bağlı çıxışında hesab edirəm ki, bu təkcə Qarabağdan olan deputatlara yox hamıya ünvanlanmış mesajdır. Yəni biz Qarabağın adını hər zaman çəkməliyik. Həm parlamentdə həm də digər ilgili məsələlərdə. Buna görə mənə elə gəlir ki, ayrı-seçkilik salmaq olmaz ki, qarabağlı deputatlar danışmalıdır. Bu düzgün deyil. Yəni Qarabağ ağrısı bütün Azərbaycan xalqının ağrısıdır və əksinə başqa bölgələrdən olan deputatlarımız daha çox bunu öz çıxışlarında vurğulamalıdırlar. Ölkənin içində Qarabağla bağlı tədbirlər keçilir, amma daha çox xaricə yönələn təbliğat aparılsın. Deputatlarımız da, ictimaiyyətdə tanınan şəxslər də, tələbələr, diasporamız da xaricdə Qarabağ gerçəklikləri ilə bağlı hər zaman danışsınlar”-deyə R.Məcid vurğulayıb.

Əslən Qarabağdan Xalq artisti Mənsum İbrahimov isə hesab edir ki, Qarabağ məsələsi ilə bağlı təbliğat işləri daha çox xarici ölkələrdə aparılmalıdır. Tanınmış xanəndə Z.Xanlarovanın iradlarınn haqlı olduğunu bəyan edib.

“Demək olmaz ki, Qarabağdan danışılmır. Yəni bu gün həm dövlət səviyyəsində həm də istər bütün xalqımız hər yerdə Qarabağ problemini qabardır, bundan danışır. Amma hesab edirəm ki, bu daha çox olmalıdır. Zeynəb xanımın sözünə qüvvət, bugünləri hər bir azərbaycanlı qarabağlı olmalıdır. Ona görə ki, bu gün bizim problemimiz Qarabağ problemidir. Buna görə də uşaqdan-böyüyə qədər hər birimiz öz üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Məsələn, xaricə gedən hər bir azərbaycanlı özü ilə Qarabağla bağlı disklər, materiallar aparmalıdır. Ona görə də bu gün biz xarici səfərimizdə qrupumuzun adını “Qarabağ” muğam qrupu qoymuşuq, o adla çıxış edirik. Bu yaxınlarda biz Riqada çıxış etdik, sonda Qarabağ şikəstəsini oxuduq. Bu musiqi kosmik musiqidir. Yəni demək istəyirəm ki, biz də musiqiçi kimi səsimizlə mübarizə aparırıq. Mənim silahım mənim səsimdir. Hər bir azərbaycanlı bir daha deyirəm, qarabağlı olmalıdır. Bax o zaman bizim problemimiz tezliklə öz həllini tapacaq”.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti