İsrail növbədənkənar seçkiyə gedir

  16 Noyabr 2018    Oxunub : 2356
 İsrail növbədənkənar seçkiyə gedir
İsraildə növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərin dəqiq vaxtı 18 noyabrda açıqlanacaq.

Azvision.az xəbər verir ki, bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb.
Qeyd olunur ki, növbədənkənar parlament seçkilərilə bağlı qərar İsrailin baş naziri Benyamin Netanyahunun hökumət koalisiyasındakı əsas tərəfdaşlarından biri ilə keçirdiyi görüşdə qəbul olunub.

Seçkilərdən sonra parlamentə keçən partiyalar yeni hökuməti formalaşdıracaq və İsrailin yeni baş naziri seçiləcək. Bütün bunların reallaşması üçün isə İsrail parlamenti özünü buraxmaq barədə qanun qəbul edəcək.

“İndiki hökumətin öz mövcudluğunu davam etdirməsi mümkün deyil. Şənbə günü növbədənkənar parlament seçkilərinin vaxtı koalisiyada təmsil olunan partiya liderləri arasında razılaşdırılacaq” – deyə radio bəyan edib.

Qeyd edək ki, 14 noyabrda İsrailin hökumət koalisiyasındakı əsas partiyalardan olan “Evimiz İsrail”in sədri, müdafiə naziri Aviqdor Liberman bu günlərdə Qəzza zonasında İsrail ordusu ilə “Həmas” arasında baş verən irimiqyaslı toqquşmadan sonra Misirin vasitəçiliyi ilə "Həmas"la atəşkəs barədə əldə olunan razılığa etiraz olaraq vəzifəsindən istefa verib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İsrail