Paşinyan Lukaşenko və Nazarbayevdən Putinə şikayət edib

Paşinyan Lukaşenko və Nazarbayevdən Putinə şikayət edib
  17 Noyabr 2018    Oxunub:4651
Ermənistanın baş naziri səlahiyyətlərini icar edən Nikol Paşinyan Belarus prezidenti Aleksandr Luşakenkonun Azərbaycan səfiri ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) daxilində baş verənləri, xüsusən də, baş katib postuna namizəd məsələsini müzakirə etməsini tənqid edib.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, jurnalistlərlə söhbətində Paşinyan KTMT-nin üzvü olmayan bir dövlətlə (Azərbaycanı nəzərdə tutur-red) bu cür məsələlərin müzakirəsinin qəbuledilməz olduğunu bildirib.

“Bu, eynilə o deməkdir ki, məsələn, mən KTMT-nin üzvü olmayan hansısa xarici ölkənin səfirini dəvət etmişəm və ona bağlı qapılar formatında keçirilən iclas barədə danışmışam. Mən ona təəccüblənirəm ki, 30 ildir dövlət başçısı statusunu daşıyan biri (Lukaşenko-red) bu cür addım atıb. Və əlbəttə, mən Belarus prezidentindən izahat tələb etməliyəm”, – deyə Paşinyan vurğulayıb.

Nikol Paşinyan əlavə edib ki, izahat tələb olunacaq şəxs təkcə Lukaşenko deyil. Onun sözlərinə görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev də KTMT-nin iclasından sonra təşkilatın baş katibi postuna Belarus nümayəndəsinin təyin ediləcəyi ilə bağlı verdiyi “təzadlı” bəyanata aydınlıq gətirməlidir:

“Heç kəsin bu cür bəyanatla çıxış etmək hüququ yox idi. Çünki KTMT-də qərarlar konsensus əsasında qəbul edilir və biz də öz mövqeyimizi aydın şəkildə sərgilədik. Düşünürəm ki, hər kəs üçün digərlərinə qarşı onun öhdəliklərinin və ümumiyyətlə, üzv ölkələrin təşkilata və digər üzv ölkələrə qarşı münasibətdə öhdəliklərinin nədən ibarət olmasının aydınlaşması üçün KTMT çərçivəsində tərəfdaşlarımızla çox açıq söhbət aparmağımız olduqca vacibdir”.

O, həmçinin vurğulayıb ki, dünən Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində də bu məsələni müzakirə ediblər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Paşinyan   KTMT  





Xəbər lenti