Kaşoqinin qətlinin sifarişçisi açıqlandı

Kaşoqinin qətlinin sifarişçisi açıqlandı
  17 Noyabr 2018    Oxunub:4322
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi jurnaslit Camal Kaşoqinin ölüm əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyini açıqlayıb.

AzVision.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.
Qəzet məlumatın etibarlı mənbədən əldə edildiyini yazıb. Bildirilib ki, dəlillər Tramp administrasiyasının Məhəmməd bin Salmanla əlaqələr qorumasını müşkülə çevirir.



Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, orada bir neçə nəfər arasında münaqişə yaranıb və dava jurnalistin ölümünə səbəb olub. Qətldə şübhəli bilinən 18 nəfər istintaqa cəlb olunub.

Kənan Məmmədov
AzVision.az


Teqlər: ABŞ   Kaşoqqi   Salman   Sahzadə  





Xəbər lenti