Gülər Əhmədova: “Elşad Abdullayev mənə kişi kimi söz vermişdi”

Gülər Əhmədova: “Elşad Abdullayev mənə kişi kimi söz vermişdi”
  31 Oktyabr 2013    Oxunub:2416
“Sevinc Elşadın videomateriallar toplamasından xəbərdar olub”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.
Prosesdə Gülər Əhmədova dövlət ittihamçısı Eldar Həmzəyevin suallarını cavablandırıb.

G. Əhmədova bildirib kİ, video yayılandan sonra Sevinc Babayevanı ofisinə çağırıb: “Mən şokdaydım. Bunun nə məqsədlə edildiyini öyrənmək üçün Sevinci çağırdım”.

G. Əhmədova Elşad Abdullayevlə məhz onun ofisində görüşməsi məsələsinə də aydınlıq gətirib: “Elşad Abdullayev məni universitetə yox, ofisə dəvət etdiyi üçün orada görüşdük”.

Sabiq deputat E. Abdullayevin tələbələrə vurduğu ziyanı Milli Məclisdə qaldırmaq istədiyini də bildirib: “Lakin Elşad mənə “Balam ölsün ki, mələsini həll edəcəyəm, kişi kimi söz verirəm” dedi. Mən də buna görə gözlədim”.

Daha sonra G. Əhmədova deyib ki, S. Babayeva ona E. Abdullayevin prokurorluqda işləyən qardaşı Elsevər və digər qohumları tərəfindən təhdidi olunduğunu söyləyib: “Sevinc mənə deyirdi ki, Elsevərgil evinə gəlib, üstünə silah çəkirlər. Mən də bundan sonra Sevincə dedim ki, Elşadın əməllərini ictimailəşdirmək lazımdır. Onunla başqa cür danışmaq olmur. Sevinc qorxurdu ki, Elsevər ona nəsə edər. Mən də dedim ki, ikimiz də gedib ifadə verməliyik”.

G. Əhmədova bildirib ki, S. Babayeva E. Abdullayevin videomateriallar toplamasından xəbərdar olub: “Lakin bunun nə ilə bağlı olduğunu bilmədiyini deyirdi. Sevinc Türkiyəyə getmək istəyəndə fikirləşdim ki, o da qaçmaq istəyir. Bir az söhbət etdik, mənə dedi ki, Türkiyədə Səlcuq Ağlayan var. Kaya ailəsindəndir. Mən həmin ailəni tanıyıram. O ailənin bəzi üzvləri Qarabağda döyüşüb. Bilirdim ki, Azərbaycanı istəyən adamlardır, onlara etibar etmək olar. Zəng vurub həmin adamlarla danışandan sonra Sevincin getməsinə razı oldum. Mən istintaq zamanı müstəntiqə dedim ki, imkan ver gedib Fransadan Elşadı gətirim. Dedim elə o videoya görə Elşadı Fransada məhkəməyə verəcəm, o şərəf və ləyaqətimə zərbə vurub. Müstəntiq bunu ciddiyə almadı. Biz o videoda 3 nəfər olmuşuq. Ona görə Sevinci əlimdən buraxmaq istəmirdim. Qorxurdum ki, bu da gedib Elşada qoşular. Sevincə dedim ki, bəlkə bu oyunu ikiniz bir yerdə qurmusuz, and içdi ki, elə bir şey yoxdur”.

G. Əhmədova S. Babayevanın Türkiyədə hansı ad altında yaşadığından da xəbərsiz olduğunu deyib: “Lakin telefonla danışırdıq. İki dəfə müalicəsi üçün pul göndərmişik. Onun müalicəsi mənim üçün ən vacib məsələ idi. Sevincin bacısı, anası, oğlu mənim evimə gəldilər, 20 min pul istədilər. Mən də yarısını bacımdan, yarısını da qaynımdan alıb verdim”.

Daha sonra G. Əhmədova vəkili Əfsər Talıbovun suallarını cavablandırıb.

Proses davam edir.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.(apa)


Teqlər:  





Xəbər lenti