Mətbuatdan qaçan siyasətçilər: onları gördüm deyən olmadı- SORĞU

Mətbuatdan qaçan siyasətçilər: onları gördüm deyən olmadı- SORĞU
  31 Oktyabr 2013    Oxunub:1359
Kimdir jurnalist? Beş-on manat arxasınca qaçan, qərblilərin dili ilə desək “keşikçi köpək”, yoxsa yaradıcı şəxs? Hər iki halda, jurnalist xəbər üçün döyüşür..

Lakin hər döyüşdə qalib gəlmək mümkün olmadığı üçün, müsahibinə əli çatmayan jurnalist bir növ bu döyüşdə uduzmuş hesab olunur.
Bəs görəsən bu əlçatmazlıq onları həvəsdən salırmı? Ən çox da siyasətdən yazan jurnalistlərimiz hansı siyasətçiləri əlçatmaz hesab edir?

AzVision.az bununla bağlı jurnalistlər arasında sorğu keçirib.

“Heydər Əliyev ilə müsahibə etmək istəmişdim…


20 ildir jurnalistlik fəaliyyəti ilə məşğul olan, “hafta.az” saytının redaktoru Səbinə Əvəzqızı söyləyir ki, siyasətdə olan insanların 99 faizi ilə görüşüb, müsahibələr edib. “Gözlənilməz qonaq” rubrikası ilə iqtidarda və müxalifətdə olan bir çox siyasətçinin evində olan Səbinə xanım, həmin siyasətçilərin uşaqlarını da kiçik yaşlarından tanıyıb:

“Vaxtilə mərhum prezidentimiz Heydər Əliyev ilə müsahibə etmək istəmişdim. Tədbirlərdə görüşdüyümüz olub və uzaqdan verilən suallara cavab ala bilmişəm ancaq”.

“Əli Kərimli mənə müsahibə vermədi”



Müstəqil jurnalist Anar Rüstəmov da bəzi siyasətçilərin mətbuata münasibətindən gileylənib:

“Azərbaycanda kifayət qədər mətbuatdan qaçan siyasətçi var. Məsələn, AXCP sədri Əli Kərimli. Mən dəfələrlə ondan müsahibə götürməyə çalışsam da, Əli bəy razılıq verməyib. Bilmirəm nədən, amma hər halda patiya sədrinin yalnız bir neçə müxalit mediyaya açıq olması düzgün hesab etmirəm. Etibar Məmmədovla bir neçə dəfə açıqlama almağa müvəffəq olsam da o da mətbuatdan qaçan siyasətçilərdəndir. İsa Qəmbər də həmçinin. İsa bəyin hər sayta, qəzetə müsahibə vermədiyi bəllidir. Hakimiyyət təmsilçilərindən də mətbuatla arası olmayan məmurlar da az deyil”.

“Azərbaycan reallığında əlçatmaz siyasətçi yoxdur”



Modern.az saytının siyasət yazarı Aqşin Kərimov üçünsə, öz dili ilə desək əlçatmaz siyasətçi yoxdur:
“Azərbaycan reallığında mənim üçün əlçatmaz siyasətçi yoxdur. Ancaq, kaprizni siyasətçilərimiz az deyil. Nümunə kimi, Etibar Məmmədovu misal çəkə bilərəm. Əlaqə saxlamaq cəhdlərim baş tutub. Amma etiraf edim ki, çətinliklər də az olmayıb. Buna baxmayaraq bir daha vurğulayım ki, Azərbaycan reallığında əlçatmaz siyasətçi yoxdur. Sadəcə olaraq bəzi rəsmi şəxs olan siyasətçilərlə müəyyən əngəllərdən dolayı əlaqə cəhdlərimiz alınmır. Ancaq bu fakt onların əlçatmazlığı anlamına gəlmir”.

“Onlar mətbuatla ünsiyyətdən qaçırlar”



“Mediaforum.az” saytının siyasət müxbiri İmdad Əlizadənin, müsahibə almaq istədiyi, amma, ala bilmədiyi xeyli şəxs var. İmdad deyir ki, siyahını yazsam çox böyük olar:
“Amma planlaşdırdığım müsahibələrin alınmaması heç də mənim özüm yaxud da işlədiyim yerlərlə bağlı olmayıb. Məsələ ondadır ki, Azərbaycanda rəsmilərin böyük əksəriyyəti mətbuatla ünsiyyətdən qaçırlar, müsahibə vermirlər. Ona görə də jurnalist üçün əlçatmaz olublar”.

“Misal üçün, Vəfa Quluzadə ilə danışmaq istəyirəm…



Sorğuda iştirak edən jurnalistlərdən, publika.az saytının siyasət müxbiri Asif Nərimanlı Vəfa Quluzadədən bu günə qədər kifayət qədər müsahibə, açıqlama aldığını deyir. Amma Asifə görə, Vəfa Quluzadənin mətbuata danışdıqları yox, danışmadıqları daha maraqlıdır:
“Bir sıra dövlət məmurları, yəni yüksək səviyyəli siyasətçilərlə əlaqə cəhdlərim baş tutmayıb. Amma əlçatmaz siyasətçi kimin olduğunu konkret deyə bilmərəm. Zamanında mərhum prezidentimiz Heydər Əliyevlə bir çox qaranlıq məsələlərdən danışmaq istəyərdim. İndi isə konkret bir şəxs adı çəkə bilmərəm. İqtidarda belə insanlar kifayət qədərdir. Müxalifətdə isə ən maraqlı insanlardan biri Pənah Hüseyndir”.

“Həmkarlarımdan əlçatmaz siyasətçilər haqda çox eşitmişəm”



Virtualaz.org saytının gənc əməkdaşı İlkin Muradov jurnalistika sahəsində az müddətdir çalışmasına baxmayaraq, siyasətçilərin demək olar ki, hamısı ilə əlaqə yarada bilib:

“Amma, bu hər siyasətçi ilə bundan sonra da danışa bilərəm anlamına gəlmir. Özüm şəxsən əlçatmaz siyasətçi ilə rastlaşmamışam. Yəqin ki, bu da mənim işlədiyim mövzularla əlaqəlidir. Lakin həmkarlarımdan əlçatmaz siyasətçilər haqda çox eşitmişəm. Bu günə qədər əlçatmaz deyildə vaxtının olmadığını, daha sonra danışa biləcəyini deyən siyasətçilər çox görmüşəm. “Vaxtım yoxdur” deyən siyasətçilərin əksəriyyəti isə fəaliyyəti göz qabağında olmayan siyasətçilər olub. Yəqin ki, əlçatmaz siyasətçilərlə qarşılaşmaq hələ mənim üçün qabaqdadır”.

Alınmayacaq deyə cəhd etməmişəm..

“Qafqazinfo” xəbər portalının müxbiri Günel Türksoyun fikrincə, hakimiyyətdə təmsil olunan yüksək çinli rəsmilər mediaya bir o qədər də açıq deyil:
“Bu jurnalistlərə bəlli olan məsələdir. Buna əlçatmazlıq demək doğru deyil.
Novruz Məmmədovla bir- iki dəfə danışmağa cəhd etmişəm. Köməkçisi əlaqələndirəcəm desə də əlaqələndirməyib. Amma onu əlçatmaz hesab etmək olmaz ümumikdə . Alınmayacaq deyə danışmaq istediklərimə də cəhd etməmişəm”.


Mirvari Nəzərova


Teqlər:  





Xəbər lenti